Ekspert: “Gündə bir "nağıl" uydururlar” AÇIQLAMA

Ekspert: “Gündə bir "nağıl" uydururlar” AÇIQLAMA

"Ötən gün bizim Qarabağ düyününün açılması üzrə yaradılmış ATƏT-in Minsk qrupunun aparıcı simaları olan Rusiya və Amerika dövlətinin xarici siyasət idarələrinin rəhbərləri yenidən bir araya gəldilər". SİA-nın məlumatına görə, bu barədə müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, 15 saata yaxın dünyada baş verən prosesləri müzakirə edən Conn Kerri və Sergey Lavrov nədənsə heç 15 dəqiqə vaxt da Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə sərf etmədilər: "Ən azından verilən xəbərlərdə bu diplomatların sırf Suriya məsələsinə dair "çevir tatı, vur tatı" etdikləri bildirilir. Xatırladım ki, bu ilin aprelin əvvəllərində bu cənablar Qarabağda baş vermiş məlum hadisələrdən sonra, "həftə səkkiz, mən doqquz" telefonla Qarabağ münaqişəsinin guya həlli üzrə hansısa danışıqlar apardığı haqqında məlumatlar verirdilər. Artıq, Qarabağ məsələsi bunlar üçün o qədər də əhəmiyyətli deyil. Yəqin ki, belə olmasaydı, bu iki diplomat yarım gündən çox müddət ərzindıə apardıqları danışıqlar zamanı heç olmazsa bir az da 20 ildən artıq müddətdir davam edən, Rusiyanın hiyləgərliyi nəticəsində həlli uzadılan Qarabağ məsələsini də dilə gətirərdilər.

Mənə elə gəlir ki, bunlar Suriyada olduğu kimi gözlüyürlər ki, Qarabağda yenidən aktiv döyüş əməliyyatları başlansın və ölən və yaralananların sayı minlərlə olsun, ondan sonra bəlkə vicdanları oyana. Aprelin əvvəllərində düşmən tərəfi demirəm, çünki onlara haqq olur özgə torpaqlarında ölmək, bizim lay divar kimi igid və qəhrəman zabit və əsgərlərimiz həyatlarını qurban verdilər. Məhz onların igidliyi və qəhrəmanlıqları, şücaəti nəticəsində 20 ildən artıq bir müddətdə ATƏT və BMT-nin, digər irili-xırdalı beynəlxalq qurumların bivec siyasətbazlarının edə bilmədiklərini Azərbaycan əsgəri bir neçə saat içində etməyi bacardı.

Xatırlayırsınızsa, o günlər hamı bərk əl-ayaqda idi ki, Azərbaycan Ermənistanı sərt şəkildə cəzalandırma əməliyyatına başlayıb. Putindən tutmuş ta digər irili-xırdalı siyasətçilərə qədər hamı söz verdi ki, Qarabağla bağlı hansısa addımlar atılacaq. Bəli, atıldı, amma namərd və xain bir addım oldu onlar tərəfindən. Onlar prosesi yenə dondurdular və indi də gündə bir "nağıl" uydururlar. Çox təəssüf ki, bizim bəzi siyasətçi, politoloq və ekspertlər də, bəh-bəh ilə Qarabağın tezliklə işğaldan azad ediləcək rayon və şəhərlərini durmadan saymaqla məşğuldurlar. Vallah, belə gedişlə, mən inanmıram ki, Qarabağ düyünü nəhayət ki, açılsın. Bu işi tormozlayan qüvvələri də, biz nəhayət ki, adı ilə çağırmalıyıq. Bu Rusiya, ABŞ və onların yaxın çevrələridir. Bu qüvvələr öz ziddiyətli davranış və hərəkətləri ilə daha çox işğalçı Ermənistanın maraqlarını təmsil edirlər. Hər dəfə dediyim sözü bu gün də, təkrar etmək məcburiyyətindəyəm: Ümid sənədir ancaq, Azərbaycan əsgəri".

Bütün xəbərlər Facebook səhifəmizdə