“Yeni Azərbaycan” təşviqat qrupu görüşlərini davam etdirir FOTOLAR

“Yeni Azərbaycan” təşviqat qrupu görüşlərini davam etdirir FOTOLAR

İmişli rayonu

Sentyabrın 7-də "Yeni Azərbaycan" təşviqat qrupunun İmişli rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan "Yeni Azərbaycan" təşviqat qrupunun İmişli rayon şöbəsinin rəhbəri, Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının sədri Səfa Ağayev Referendum Aktı haqqında məlumat verib.

Diqqətə çatdırıb ki, "Yeni Azərbaycan" təşviqat qrupunun İmişli rayon şöbəsi bu prosesdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. S.Ağayev əmin olduğunu bildirib ki, seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya islahatlarını dəstəkləyir, Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi müsbət qarşılanır: "Yeni çağırışlar və reallıqlar Konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edir və hesab edirəm ki, 26 sentyabr tarixində keçiriləcək referendum bu baxımdan müstəsna əhəmiyyət daşıyır".

Çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Konstitusiya islahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: "Referendum Aktının layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu əlavə və dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq".

Millət vəkili əlavə edib ki, qarşıdakı hədəflərə çatmaq üçün Konstitusiya islahatları zəruridir: "Bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq. Bütövlükdə isə, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək".

"Ümumxalq səsverməsi-referenduma çıxarılan məsələlər sosial məzmunu ilə də diqqəti çəkir. Belə ki, referendum Aktı layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər sırasında insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, bank-maliyyə sisteminin idarə olunması və digərləri də yer alır. Bu isə islahatların məhz dövlətçilik maraqlara və xalqın mənafeyinə xidmət etdiyini göstərir",-deyə Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğulayıb.

Millət vəkili Əsabil Qasımov isə deyib ki, Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi – referendumun keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır: "Konstitusiya dəyişiklikləri inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər".

YAP İmişli rayon təşkilatının Gənclər Birliyinin idarə heyətinin üzvü Zamin Zeynalov diqqətə çatdırıb ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər Azərbaycan dövlətinin inkişafına xidmət edir: "Əlavə və dəyişikliklərdə də insan hüquqlarının müdafiəsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi kimi məsələlər xüsusi yer tutur. Bu, hüquqların daha etibarlı təminatı baxımından önəmlidir".

Görüşdə çıxış edən seçicilər sentyabrın 26-da referendum aktına səs verəcəklərini bildiriblər.

Lerik rayonu

Lerik rayonunun Çayrud inzibati ərazi dairəsində Çayrud, Tikəband, Veri, Monidigah inzibati ərazi dairəsinin seçiciləri ilə referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Lerik rayon şöbəsinin Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı izdihamlı görüşü keçirilib

Tədbirdə YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, rayon təşkilatının sədr müavini Elman Rəcəbov, rayon təşkilatının Idarə Heyətinin üzvü Hüseynbala Əliyev, kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri, YAP fəalları, gənclər və qadınlar iştirak edirdilər.

Görüşü giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov bildirib ki, hazirda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir: "Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi - referendum keçiriləcək. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavədir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq".

E.Qəmbərovun fikrincə, gələcəkdə Azərbaycanda daha optimal idarəetmənin şahidi olacağıq: "Həmçinin insan hüquq və azadlıqlarının daha effektiv təminatını görəcəyik. Əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Hər bir qurumun özünün xarakterik xüsusiyyətləri var. Bu baxımdan, biz məsələni daha çox yeni və daha effektiv institusional qurumun yaradılması kimi başa düşməliyik".

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvü, rayon təşkilatının İdarə Heyətinin üzvü "Qabaqcıl təhsil işçisi" Hüseynbala Əliyev qeyd edib ki, 18 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 2212 nömrəli Sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiliklər edilməsi haqqında" Referendum Aktı layihəsi xalqın müzakirəsinə verilib. 26 sentyabrda isə həmin layihəyə ümumxalq səsverməsi keçiriləcəkdir. Hazırda ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da referendum aktı layihəsi müzakirə olunur, referendum ciddi hazırlıq işləri görülür. Hər şeydən əvvəl qeyd edim ki, Konstitusiyanın və ona edilən dəyişiliklərin başlıca məqsədi ölkədə hüquqi,demokratik, dünyəvi dövlət quruculuğunun, bazaar iqtisadiyyatı prinsiplərinin hüquqi bazasının möhkəmləndirilməsindən , qanunlarımızın beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasından, insanların social müdafiəsinin gücləndirilməsindən, insanın hüquq və azadlıqlarının hüquqi təminatının təkmilləşməsindənibarətdir. Tədbirdə çıxış edən seçicilər də Referenduma ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və ona səs verəcəklərini bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə