“Ermənilər inadkarlıq göstərsə, Rusiya bu məsələyə qarışmayacaq”
"Rusiyada bir sıra ekspertlər çox inamlı surətdə bu ilin sonuna kimi Qarabağ münaqişəsinin həllində irəliləyişin olacağını, ətraf rayonların geri qaytarılacağını bildirirlər". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli Siyasi Tədqiqatlar İnstitunun direktoru Sergey Markovun ətraf rayonların qaytarılmayacağı təqdirdə ərazilərin hərbi yolla azad ediləcəyinə dair fikirlərinə münasibət bildirərkən deyib.
Politoloq əlacvə edib ki, Markov çox məlumatlı adamdır və prezident Putinə yaxındır: "Ötən dəfə Markov bəyan etdi ki, Putin ermənilərə ciddi təzyiq edir. Beş rayon məsələsində ermənilər əvvəl "hə" demişdilər, amma yenə də inadkarlıq göstərməyə başlayıblar. Ermənilər beş rayonun geri qaytarılması ilə razılaşmasalar, Putin onların işinə qarışmayacaq və Azərbaycan da hücum edib bütün torpaqlarını işğaldan azad edəcək. Azərbaycan Ordusu bu istiqamətdə hazırlanır, mütamadi təlimlər keçir, orduya çağırış yüksək səviyyədədir, yeni silah növləri alınıb. Amma bu sözləri Ermənistan haqqında demək mümkün deyil. Ermənistanın 2 milyona yaxın əhalisi var. Dağlıq Qarabağda bu yaxınlarda elan etdilər ki, orda 45 min nəfər erməni yaşayır, onlardan cəmi 2 min nəfərlik ordu düzəltmək mümkündü. Azərbaycan həm canlı qüvvə, həm texnika baxımından dəfələrlə Ermənistanı üstələyib. Ordumuzun döyüş əhval-ruhiyyəsi çox yüksəkdir. Əmr verilən anda torpaqlarımız düşməndən azad olunacaq, bir şərtlə ki, Ermənistandakı Rusiya qoşunları bu məsələyə qarışmasın. Əgər ermənilər danışıqlar prosesində inadkarlıq göstərsə, Rusiya bu məsələyə yəqin ki, qarışmayacaq. Bundan sonra Azərbaycan öz torpaqlarını azad edəcək və Markov da bu nöqteyi-nəzərdən ermənilərə xəbərdarlıq edib. İndi əlverişli sülh ələ etməyin vaxtıdır. Ona görə də ermənilər inadkarlıqdaqn əl çəkməlidirlər.. Erməniləri yola gətirmək asan olmayacaq. Amma Azərbaycan da torpaqlarının itirilməsi ilə qətiyyən barışmayacaq. Ermənistan tərəfi hesab edir ki, Rusiya yenə də onları müdafiə edəcək. Hesab edirəm ki, 5-10 ilə elə ciddi proseslər başlayacaq ki, Rusiya öz hayında olacaq. Bu mənada ermənilər hər şeyi nəzərə almalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB