Referendumqabağı təşviqat prosesində KIV-in rolu müzakirə edilib SƏS TV

Referendumqabağı təşviqat prosesində KIV-in rolu müzakirə edilib SƏS TV

Bakıda Azərbaycan Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının təşkilatçılığı ilə "Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib. SIA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, MSK sədri Məzahir Pənahov, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edib.

Tədbiri açıq elan edən MSK sədri Məzahir Pənahov deyib ki, MSK sentyabrın 26-da keçiriləcək Referendumla bağlı atılacaq addımların, tədbirlərin planını hazırlayıb və öz işini ona uyğun davam etdirir. Onun sözlərinə görə, Referendumla bağlı məlumatların ictimaiyyətə çatdırılmasında həm MSK, həm də aidiyyatı qurumlar əllərindən gələni edirlər: "Artıq 3 təşviqat qrupu MSK-dan qeydiyyatdan keçib. Ayın 3-də onlar rəsmi şəkildə təşviqata başlayacaqlar".

M.Pənahov deyib ki, seçki, referendum prosesinin mahiyyətinin ictimaiyyətə çatdırılmasında əsas rol KİV-lərin üzərinə düşür: "Bütün ictimai, ölkə miqyası keçirilən tədbirlərin əsas mahiyyəti onun ictimaiyyətə çatdırılmasıdır ki, burada da KİV-ləri əvəz edəcək digər vasitə yoxdur. Bu baxımdan MSK-nın əsas tərəf müqabili məhz KİV-lərdir. Görülən işlərin hansı səviyyədə olduğunu siz ictimaiyyətə çatdıracaqsınız".

Müşavirədə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, oktyabr ayında Azərbaycan Respublikasının 25-ci ildönümü tamam olacaq: "Azərbaycan bu illər ərzində böyük inkişaf yolu keçməklə yanaşı, seçki, referendumların təşkili sahəsində zəngin təcrübə qazanıb. 1991-ci ildən bu günə qədər ölkəmizdə 6 dəfə prezident, 5 dəfə parlament, 4 dəfə bələdiyyə, 5 dəfə ümumxalq səsvermə- Referendum keçirilib. Bildiyiniz kimi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan əsas qanunumuz 1995-ci ildə qəbul olunub. Konstitusiyaya 2002 və 2009-cu ildə keçirilən referendumda əlavə və dəyişikliklər edilib. Azərbaycan prezidenti İlham Əliyev dövrün tələblərini, mövcud reallıqları və beynəlxalq təcrübəni nəzərə alaraq Konstitusiyaya 3 dəfə dəyişikliklərin edilməsi təklifi ilə çıxış edib. Bu məqsədlə Referendum aktının layihəsi hazırlanıb və ölkə başçısının sərəncamı ilə növbəti ümumxalq səsvermə- Referendum sentyabrın 26-na təyin edilib. Dünyanın heç bir ölkəsində Konstitusiyaya olduğu kimi qalmır, zamanı gəldikcə müvafiq dəyişikliklər edilir. İndiyədək ABŞ Konstitusiyasında 27 dəyişiklik edilib. Qonşu Türkiyədə də Konstitusiyaya dəyişikliklər gündəlikdədir. Bundan başqa, qonşu Rusiya və Gürcüstanın Konstitusiyasında dəyişikliklər edilib. Əslində dövrün tələbi və cəmiyyətdən gələn sosial sifarişlər nəzərə alınaraq Konstitusiyaya dəyişikliyin edilməsi həm zəruri, həm də faydalıdır".

"Hələ ilin əvvəlində Prezident İlham Əliyev 2016-cı ili islahatlar ili elan edib, ötən 8 ayda iqtisadi islahatları təmin edəcək çoxsaylı fərman və sərəncamlar imzalayıb və yeni qurumlar təsis edib. Referendumda təklif edilən dəyişiklikləri də ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar. Referendumda Konstitusiyamızın 23 maddəsinə dəyişiklik edilməsi və 6 yeni maddənin əlavə edilməsi nəzərdə tutulur. Yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu qəbul edilən qərarların operativ və tam həcmində icrasını təmin etmək üçün optimal idarəçilik mexanizmi kimi nəzərdə tutulub. Dəyişiklik və əlavələrə əsasən sahibkarlıq sahəsində dövlətin funksiyalarının sərhədləri dəqiq müəyyən edilib. Sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi daha da liberallaşdırılır. Təklif edilən dəyişikliklərin mühüm hissəsi isə insanların hüquq və azadlıqları ilə bağlıdır. Şübhəsiz ki, seçkili və təyinatlı vəzifələrin müəyyənləşdirilən aşağı yaş senzinin aradan qaldırılması gənclərin həm dövlət idarəçiliyində daha geniş təmsil olunması, həm də vətəndaşların özlərinin seçib-seçilmək hüquqlarını daha sərbəst şəkildə reallaşdırmasına imkan yaradacaqdır. 25 illik müstəqilliyimiz dövründə zəngin seçki təcrübəsi toplanıb. Seçkilər və ümumxalq səsvermələri cəmiyyətimizə sosial təsisat kimi bərqərar olub. Seçkilərdə məsuliyyət daşıyan MSK bu illər ərzində özünü təsdiqləmiş bir qurum kimi formalaşıb, fəaliyyətini ildən-ilə daha da təkmilləşdirib. Bu axımdan hesab edirik ki, MSK növbəti seçkilərin yüksək səviyyədə keçməsini təmin edə biləcək", - deyə, Prezidentin köməkçisi qeyd edib.

Ə.Həsənov vurğulayıb ki, referendumun azad, demokratik və şəffaf keçirilməsində hökumət və siyasi qüvvələrlə yanaşı KİV-lərin də üzərinə böyük məsuliyyət düşür: "Media qurumları Referenduma çıxarılan əlavə və dəyişikliklərin obyektiv izah olunaraq vətəndaşlara çatdırılmasında, referendumqabağı təşviqatda aktiv olmalıdır. Bu proseslərdə medianın iştirakının yüksək səviyyədə təmin edilməsi Azərbaycan dövlətinin marağındadır. Bunu həm beynəlxalq Konvensiyalar, istərsə də mili qanunvericilik aktları tələb edir. Təşviqat prosesində KİV- lərin rolu və vəzifələri Seçki Məcəlləsində, KİV, Reklam haqqında qanunlarda tam uyğunluğu ilə öz əksini tapıb. Jurnalistlər seçki prosesinin bütün mərhələlərini izləməkdə azaddır. Yerli KİV-lərə qarşı heç bir məhdudiyyət və akkreditə tətbiq edilmir. Onlar MSK-da şəhər seçki komissiyalarında akkreditə olmadan istənilən seçki məntəqəsində referendumu müşahidə etmək, lazım olduqda istənilən məlumatları almaq hüququna malikdirlər. Jurnalist vəsiqəsi kifayət edir ki, KİV təmsilçiləri referendumla bağlı bütün prosesləri əvvəldən sona qədər izləyə bilsin. Jurnalistlərin vəzifəsi isə ümumxalq səsverməsi ilə bağlı mövcud şəraiti doğru və düzgün şəkildə təhlil edib, qanunvericiliyə və dövlətin müəyyən etdiyi plüralist siyasətə uyğun olaraq referendumla bağlı müxtəlif mövqelərin işıqlandırılmasına bərabər şərait yaratmaqdan ibarətdir. KİV-lər müstəqil olmalı, öz siyasətlərini özləri qurmalıdırlar. Bu, sadəcə siyasi yanaşma deyil, ölkədə media ilə bağlı dövlət siyasətin ana xəttini təşkil edən prinsipdir. Biz mediaya həm də milli-maraqlarımızın müdafiəsi, dövlətimizin imicinin qorunması və daha da yaxşılaşdırılması işində bir tərəfdaş kimi yanaşırıq".

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda söz azadlığı ilə bağlı dövlət siyasətinin əsa konturları Ulu Öndərin təşəbbüsü ilə qəbul edilən ilk Konstitusiyamızda təsbit olunmuşdu: " Ümummilli Liderin fərmanı ilə ölkəmizdə mətbuat üzərində senzura aradan qaldırılıb, 2000-ci ildə isə Mətbuat və İnformasiya Nazirliyi ləğv edib. Ulu Öndərin siyasi iradəsi sayəsində ilk Azərbaycanda KİV-lərin fəaliyyətini tənzimləyən demokratik qanunvericilik bazası yaradılıb. Mətbuat dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu. Bu gün də Azərbaycan Prezidenti İlham Əliyev bu prinsipə uyğun olaraq, ölkəmizdə siyasi plüralist cəmiyyətin formalaşması və inkişafı istiqamətində zəruri bütün addımları atır. Azərbaycanda kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edilib, və ona müvafiq olaraq Fond yaradılıb. Ötən dövr ərzində medianın inkişafına 30 milyon manatdan çox maliyyə yardım göstərilib. Əlavə yardımları da nəzərə alsaq, KİV-lərə edilən yardımın məbləği 40 milyon manatdan da artıqdır".

Ə. Həsənov əlavə edib ki, Azərbaycanda qəzet nəşr etmək üçün heç bir maneə yoxdur: " Əsas sənədləri Ədliyyə Nazirliyinə təqdim etdikdən 7 gün sonra nəşrə başlamaq olar. Hazırda Azərbaycan KİV-lərin sayına görə, MDB və Avropa məkanında lider ölkələrdən hesab olunur. 5 mindən çox KİV qeydiyyatdan keçib, real yayımı olan 200-dən qəzet, 100-ə yaxın jurnal, 500-dən çox televiziya və radio kanalı, 300-dən artıq fəal internet informasiya resursu, onlarla mətbuat yayımı şirkətləri fəaliyyət göstərir. Əhalinin hər 1000 nəfərindən 767 nəfərinin internetə çıxışı imkanı var. 80 faiz insan internet istifadəçisidir. Əslində model internet imkanlarını nəzərə alsaq, bu rəqəmin daha yüksək olduğunu söyləmək olar. 2 milyondan çox insan sosial şəbəkə istifadəçisidir. KİV-lər burada istədikləri informasiyanı, o cümlədən hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi və ya dəstəkləyici münasibət ifadə edə bilər. Bu sahədə Azərbaycanda heç bir problem yoxdur və bundan sonra da olmayacaq. Lakin media azadlığı hüquqlarla yanaşı, məsuliyyətin də dərk edilməsindən irəli gələn azadlıqdır. Buna görə də KİV-lər öz fəaliyyətlərini məhz qanunvericilik çərçivəsində, eyni zamanda peşə etikası qaydalarına ciddi şəkildə riayət etməlidirlər".

Tədbirdə çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli qeyd edib ki, son 25 ildə Azərbaycanda həyata keçirilən siyasi iqtisadi islahatlar nəticəsində çox böyük işlər görülüb: " Görülən işlərin nəticəsində də Konstitusiyaya dəyişiklərin edilməsi zəruri olub. Bu dəyişikliklərdən sonra Azərbaycanda daha optimal idarəetmə sisteminin yaradılması, insan və hüquq azadlıqlarının daha yüksək səviyyədə təmin edilməsi istiqamətində ciddi addımlar atılacaq".

MTRŞ sədri MSK-nın mətbuatla sıx əməkdaşlığından söz açaraq deyib ki, bunun nəticəsidir ki, bundan öncəki seçkilərdə təşviqat aparılması prosesində hər hansı ciddi problem çıxmamışdı: "Düşünürəm ki, bu sıx əməkdaşlıq ümumxalq səsverməsi zamanı da davam etdiriləcək. Burada mətbuatın üzərinə çox böyük məsuliyyət düşür və inanıram ki, media nümayəndələri bu mühüm prosesdə də məsuliyyətli olacaqlar".

Daha sonra MTRŞ sədri telekanallarda ödənişli və ödənişsiz əsaslarla referendumqabağı təşviqat prosesi zamanı riayət edilməli olan qaydalardan söz açıb.

Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasında media və vətəndaş cəmiyyəti institutlarının üzərinə mühüm vəzifə düşür. Onun sözlərinə görə, Mətbuat Şurasında KİV-lərin səsverməni qərəzsiz, ədalətli işıqlandırılması, həmin prosesin işıqlandıran media təmsilçilərinin üzləşə biləcəkləri maneələrin aradan qaldırılması istiqamətində fəaliyyət göstərir: "Mətbuat Şurasında səsvermə günü "Qaynar xətt" təşkil edilir. Jurnalistlərin səsvermə günü üzləşəcəyi problemlərlə Mətbuat Şurasına müraciət etmək imkanı yaradılır, Mətbuat Şurası MSK ilə müntəzəm əlaqə saxlayır. Mətbuat Şurası seçki və referendumla bağlı maarifləndirici tədbirlərin təşkilini də diqqət mərkəzində saxlayır. İnanıram ki, KİV-lər ictimaiyyətin referendum barədə obyektiv məlumatlandırılması, seçkilərin ədalətli və şəffaf keçirilməsində mühüm rol oynayacaq".

MSK-nın sədr müavini Natiq Məmmədov "Referendumqabağı təşviqata dair ümumi tələblər və referendumqabağı təşviqat subyektləri. Ödənişli və ödənişsiz əsaslarla aparılan referendumqabağı təşviqata şərait yaradılması prosesində KİV-lərin üzərinə düşən vəzifələr" mövzusunda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə