Polşa hökumətindən ÇEÇEN QADAĞASI

Mühacir böhranı
Polşa hökumətindən ÇEÇEN QADAĞASI

Polşa hökuməti ölkə ərazisinə Çeçenistandan olan qaçqın qrupunun daxil olmasını qadağan edib. Belə ki, həmin qrup qaçqın statusu almaq məqsədilə artıq bir neçə gündür ki, Polşa-Belarus sərhəddində gecələyirlər. SİA xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Blaşak TBH24 TV kanalındakı çıxışında bildirib.

Polşalı nazir Çeçenistanda müharibənin getmədiyini deyərək, müxtəlif təsirlər nəticəsində miqrasiya böhranı yaratmaq istəyənlərin bu arzularına çatmayacaqlarını bildirib. "Bu insanların məqsədi Qərbi Avropadır"-deyə qeyd edən nazir həmçinin deyib ki, onun fikrincə, bu müsəlmanların Avropaya mühacirəti üçün yeni yoldur: "Biz zərər çəkmişlərə hömək etmək mistəyirik və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Biz həmçinin, müharibələr gedən regionlarla bağlı situasiyalarda da maliyyə dəstəyi göstəririk. Düşərgələrə yerləşmiş qaçqınlara yardımlarımız davam edir. Lakin Avropa İttifaqının sərhədlərinin möhkəmləndirilməsini də həyata keçiririk".

Onun sözlərinə görə, Polşa Avropa İttifaqında baş vermiş mühacir böhranında əlindən gələni edir. "Biz Polşanı terror təhlükəsinə sürükləyə bilmərik"-deyə Blaşak vurğulayıb.

Qeyd edək ki, həftənin ikinci günü Brest rayonu ərazisində Belarus və Polşa sərhəd keçid məntəqəsi yaxınlığında Çeçenistandan çıxmış böyük qrup (100-200 nəfər) cəmləşib. Onlar qaçqın statusu ilə Polşa ərazisinə keçməyə cəhd göstərsələr də, sərhədçilərdən rədd cavabı alıblar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə