PA nümayəndəsi: "Azərbaycanda heç bir dini radikal cərəyana yer yoxdur"

PA nümayəndəsi: "Azərbaycanda heç bir dini radikal cərəyana yer yoxdur"

"Dini cərəyanlara qarşı təkcə dövlət və hüquq mühafizə orqanları deyil, mətbuat da mübarizə aparmalıdır". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bu gün Mətbuat Şurasında "Dini radikalizmə qarşı mübarizədə medianın rolu" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bütün dünyada bu proseslərdə medianın rolu böyükdür və bizdə də media bu kimi məsələlərdə fəal olmalıdır: "Media orqanları analitik yazılar və araşdırmalar vasitəsilə cəmiyyəti maarifləndirməlidir. Azərbaycan mediası yarandığı gündən maarifçilik missiyasını həyata keçirir və hər zaman bunu etməlidir. Çünki, istər regionda, istər dünyada mediaya ən çox diqqət məhz Azərbaycanda göstərilir. Belə olan halda, media dövlətin yanında olub, ümummilli məsələlərdə dövlətçilik marağından çıxış etməlidir. Əgər media bu cərəyanlara qarşı mübarizə aparmasa, xəbərdarlıq etməsə, onların ilk hədəfi elə media ola bilər. Təbii ki, bütün tələblər tək medianın üzərinə düşmür. Burada vətəndaş cəmiyyətinin institutları, hüquq mühafizə orqanlarının da fəaliyyəti vurğulanmalıdır".

PA əməkdaşı vuğulayıb ki, Azərbaycan dövlətində heç bir dini radikal cərəyana yer yoxdur: "Azərbaycan dövləti radikal dini cərəyanlara - istər vəhhabiliyə, istər radikal şiəliyə, istərsə də Fətullahçı Terror Təşkilatına qarşı ciddi mübarizə aparır. Artıq onlara ciddi zərbələr vurulub. FETÖ-nün Azərbaycandakı ruporu olan "Zaman" qəzeti və Fətullah Gülənin fəaliyyətini təqdir edən, çevrilişə cəhddən sonra ondan müsahibə alan telekanal haqda müvafiq tədbir görülüb. Bu xətt davam edəcək. Azərbaycan dövlətində heç bir dini radikal cərəyana yer yoxdur".

B.Həsənov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyaya inteqrasiya yolunu tutub: "Azərbaycan dövləti radikal dini cərəyanların qarşısını bütün gücü ilə alacaq. Bu sahədə medianın üzərinə böyük yük düşür. Media informasiya ötürücüsü olmamalı, analitik yazılarla çıxış etməlidir. Azərbaycan mediası yarandığı gündən əhalini maarifləndirmək yolunu tutub, dini qaragüruhçuluğa qarşı mübarizə aparıb. Hər bir məsələdə dövlət və medianın mövqeyi üst-üstə düşməyə bilər. Amma ümummilli məsələlərdə ortaq mövqe nümayiş olunmalıdır. Günümüz üçün aktual olan məsələ FETÖ-dür. Azərbaycan dövləti istənilən dini, etnik terror təşkilatına qarşı mübarizə aparır. Konstitusiyamızda açıq göstərilib ki, din dövlətdən ayrıdır. Digər hallara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür. Hələ 2009-cu ildə "Dialoq Avrasiya"nın tədbiri zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov gülənçilərə ciddi irad tutaraq bildirmişdi ki, dialoqu bir şəxsə bağlamaq yanlışdır, Azərbaycan dövlətinin tərəf-müqabili Türkiyə dövlətidir, hər hansı bir dini sekta deyil. O qeyd etmişdi ki, tədbirdə iki dahi şəxsiyyətin - Heydər Əliyev və Mustafa Kamal Atatürkün portretləri asılmalıdır, hər hansı biri dini liderin yox. Əli müəllim o vaxt dövlətin tam rəsmi mövqeyini ortaya qoymuşdu. Terror təşkilatı ilə əlaqəsi olanlar, günahları sübut olunarsa, qanun qarşısında cavab verəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə