Zeynal Nağdəliyev: "Ölkəmizdə seçki prosesi müasir tələblər səviyyəsində keçirilir"

Zeynal Nağdəliyev: "Ölkəmizdə seçki prosesi müasir tələblər səviyyəsində keçirilir"

"Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyasında keçirilən maarifləndirmə tədbirləri mühüm əhəmiyyətə malikdir. Azərbaycanı əvvəlki illərlə müqayisə etsək görərik ki, bu gün ölkəmizdə seçki prosesi müasir tələblər səviyyəsində keçirilir". SİA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən seminar-müşavirənin açılışında "Referendumun hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti" mövzusunda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib.

PA rəsmisinin sözlərinə görə, artıq heç kim Azərbaycanda keçirilən seçkilərə irad tuta bilmir: "Ölkəmizdə daim təkmil seçki qanunvericiliyi var. Biz onun hər bir müddəasını göz bəbəyimiz kimi qorumalıyıq. Hətta buna mane olmaq istəyənlərə belə birlik nümayiş etdirməliyik. Seçkinin Azərbaycanda müvəffəqiyyətlə keçirilməsinin başlıca səbəbi ölkəmizdəki sabitlikdir. Hər dəfə bizlər seçkinin yüksək səviyyədə təşkil olunmasını reallaşdırmışıq. Biz yalnız bu ab-havaya dəstək olmalıyıq. Seçkilərin keçirilməsi üçün əsas amil yerlərdə şəraitin yaradılmasıdır ki, artıq bunlar da yüksək səviyyədə təşkil olunub".

Z.Nağdəliyev əlavə edib ki, sentyabrın 3-də başlanacaq təşviqat kampaniyası ilə bağlı açıq və qapalı yerlər müəyyənləşdiriləcək: "Bu məsələlər tezliklə öz həllini tapacaq. Artıq 1000 veb-kamera imkan verir ki, hər kəs seçki prosesini tam şəffaf və ədalətli şəkildə izləyə bilsin. Bu kameralar eyni zamanda bizlər üçün bir nümunədir".

Bütün xəbərlər Facebook səhifəmizdə