Müsavatla AXCP arasındakı uzun müddətdir sürən gərginlik səngimək bilmir. Bir müddət öncə münasibətlərində bir müddət durğunluq yaşansa da, bu partiyalardan hansısa biri yenidən "atəşkəsi" pozur. Halbuki, hər iki partiya bir-birini ittiham etməməklə bağlı bir müddət öncə "memorandum" imzalamışdılar. Onlar ikili münasibətləri barədə mediaya hem bir açıqlama, müsahibə verməyəcəklərini də dəfələrlə bildirmişdilər. Amma görünən budur ki, düşmənçilik faktoru onların bu vədlərinin də yerinə yetirmələrinə imkan vermir.
Xatırlatmaq yerinə düşrədi ki, Müsavat partiyası başqanının müavini Tofiq Yaqublu həbsdən çıxdıqdan sonra Müsavat partiyası ilə AXCP arasında münasibətlərin normallaşmasına çalışacağını demişdi. Lakin uzun çabalardan sonra partiyalararası münasibətlərin normallaşmasının çətin göründüyünü bildirən Yaqublu geri çəkildiyini, missiyanı uğursuz başa vurduğunu etiraf etdi. O bildirib ki, buna səbəb iki partiya arasındakı böyük uçurumun olmasıdır. "Xeyli ziddiyyətlər var"-deyə etiraf edən Müsvat başqanınn müavini indi kənara çəkilərək, prosesləri özbaşına buraxıb. Yeri gəlmişkən, Müsavat üzvü olmasına baxmayaraq, T.Yaqublu bu gün də AXCP sədri Əli Kərimlinin nəzarətində olan "Milli Şura"nın üzvüdür və orada koordinasiya şurasına üzvdür. Əlbəttə ki, onun bu təmsilçiliyi Müsavat rəhbərliyini qətiyyən qane etmir.
Beləliklə, AXCP-Müsavat qarşıdurması səngiməməklə yanaşı, bu amil digər siyasilər tərəfindən də etiraf olunur. Hətta verilən roqnozlar ziddiyyətlərin daha da artacağını göstərir.
Elşən Manafov: "Bu partiyaların elektoral məkanı daralmaqdadır"
Məsələn, Politoloq Elşən Manafov məsələ ilə bağlı heab edir ki, Azərbaycan iqtidarına münasibətdə müxalif cərgədə duran hər iki siyasi partiyanın konyuktur maraqları olmamış deyil: "Bu maraqlar hər iki partiyanı elektoral məkana təsir imkanlarını artırılmasına, qarşıdakı seçkilər ərəfəsində ictimai rəyə təsir imkanlarını artırılması ilə bağlı məsələləri özündə ehtiva edir. Hər iki partiya ana müxalifət roluna iddialıdırlar. Amma sırf Azərbaycanın ictimai siyasi kontektsindən yanaşsaq, bu partiyaların son seçkilərdə iştirakı cəmiyyətdə birmənalı suallar doğurdu.
Hər iki partiyadan fərqli olaraq ictimai rəyə kifayət qədər ciddi təsir imkanları olan müxalifət partiyalar da var. Həmin partiyalar da seçicilərin müəyyən hissəsinin etimadını qazanaraq qanunverici orqanda təmsil olunublar".
Elşən Manafov onu da qeyd edir ki, bu partiyalara məxsus qəzetlərin fəaliyyətini çıxsaq, hər iki partiyanın gündəmdə olub-olmaması ilə bağlı məsələlər ciddi sual doğuracaq: "AXCP və Müsavatın elektoral məkanı daralmaqdadır. Son zamanlar ictimai rəyə təsir imkanları heçə yaxınlaşmaqdadır. Onlar bunu özləri də anlayırlar. Ona görə də ana müxalifət mövqelərində olmaqlarının və bu mövqeyin məhz ictimai rəy tərəfindən qəbul edilməsinin həsrətindədirlər. Yəni, hər ikisi "bəlkə də qaytardılar" reallıqları ilə yaşayır. Amma iqtidarın siyasəti hətta manatın kəskin devalvasiyası şəriatində ölkədə ciddi etirazlar doğurmadı və cəmiyyət Prezidentin sosial iqtisadi kursuna dəstək verdi".
Məmməd Əlizadə: "Konfliktlər bundan sonra onları daha da zəiflədəcək"
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sabiq sədri Məmməd Əlizadə də hesab edir ki, bu gün Azərbaycanda ciddi müxalifətə ehtiyac var: "Güclü müxlifətin olması ölkəni bəzi neqativ əməllərdən qurtara bilər. Onlar vətəndaşların təəssübkeşi kimi çıxış edə bilərlər. Amma üzü milli azadlıq hərəkatından bəri iki yerə parçalanmış, konfliktlər, iddialar üzərində siyasiləşən təşkilatlar bu gün də qalmaqdadır. Onlar da məhz AXCP və Müsavat partiyasıdır. Baxmayaraq ki, hakimiyyətə AXC kimi gəlmişdilər. Amma sonradan hakimiyyət daxilində onlar iki yerə parçalandılar.
Bir-birini lider kimi qəbul etməmələri bütün dövrlərdə onların siravi üzvlərinin də başının bəlalar çəkməsinə zəmin yaradıb. Birlikdə xeyr, ayrılıqda əzab var. Bunlar dərk etmirlər ki, birlik yaradarlarsa, güclü olacaqlar. Bir masa arxasında otursalar da hər zaman bir-birilərini qəbul etməmək iddiaları bu iki partiyanın indiki vəziyyətə gəlib düşməsinə səbəb olub. Konfliktlər bundan sonra onları daha da zəiflədəcək".
Göründüyü kimi, hər iki partiya arasındakı vəziyyət getdikcə daha dərin uçuruma doğru yuvarlanır. Bu isə ilk növbədə istər AXCP-yə, istərsə də Müsavata normal gələcək vəd etmir. Bu partiyalarda davam edən istefalar, parçalanmalar, eləcə də qollara ayrılma halları əsas olaraq həmin partiyaların liderlənini məsuliyyəti üzərinə düşür. Təəssüf ki, onlar da bu reallıqları qəbul etməməklə öz durumlarını siyasətləri ilə birgə siyasi məzarlığa gömürlər. Hər halda bu, onların öz seçimləridir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB