Politoloq: "Ermənistana yumşaq da olsa təzyiqlər var" AÇIQLAMA

Politoloq: "Ermənistana yumşaq da olsa təzyiqlər var" AÇIQLAMA

"Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi sərsəm bəyanatlar yalnız daxili auditoriyaya hesablanıb. İllərdir Ermənistan cəmiyyəti rəhbərlik tərəfindən aldadılır, onlara yalan vədlər verilir. Sarkisyan da bu cür bəyanatlarla sadəcə cəmiyyəti sakitləşdirməyə cəhd göstərir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Ermənistan cəmiyyət hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində həmsədrlərlə müzakirə olunan məsələləri bilsə, düşmən ölkədə vəziyyət həddindən artıq ağır ola bilər: "Sarkisyan çox yaxşı bilir ki, danışıqlar prosesində maneə yaransa, müharibənin olması qaçılmazdır. Hazırkı vəziyyətdə aprel hadisələri təkrarlansa, təbii ki Ermənistanın məğlub olacaq. Bu da Sarkisyan rejiminin süqutuna bir başa yol açacaq. Belə vəziyyətdə Ermənistan rəhbərliyi dalan dirəndiyini və bundan yeganə çıxış yolunun isə konkret məsələlərin Azərbaycanla müzakirəsində olduğunu çox yaxşı anlayır. Ermənistan bu cür vəziyyətdə xaricdən dəstək ala bilməz. Son hadisələr göstərir ki, hətta Rusiya belə Ermənistana silah üçün ayırdığı krediti ödəməyə tələsmir. Bu baxımdan Ermənistana yumşaq da olsa təzyiqlərin olduğunu deyə bilərik. Şərtlər Ermənistan üçün ağır olsa da, onların danışıqlara getməkdən başqa çıxış yolu yoxdur".

Politoloq qeyd edib ki, hazırda ATƏT-in həmsədr ölkələri Azərbaycanla ilkin rayonların boşaldılması ilə yanaşı münaqişə zonasında təhlükəsizlik məsələlərin həyata keçirilməsini müzakirə edir: "Sadalanan məsələləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin avqust ayında baş tutacağı görüşündə müzakirə olunacaq. Əgər danışıqlarda hər hansı bir nəticə olmasa, Azərbaycan tərəfi bundan imtina edəcək. Yəqin müsbət amillər var ki, danışıqlar davam etdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə