Ərdoğan Qərbə: "Məsləhətlərinizi özünüzə saxlayın"

Ərdoğan Qərbə: "Məsləhətlərinizi özünüzə saxlayın"

"15 iyul Türkiyədə dövlət çevrilişi cəhdi zamanı 170 dinc sakin, 62 polis və 5 hərbiçi öldürülüb. Ümumilikdə çevriliş cəhdi nəticəsində 237 nəfər həyatını itirib, yaralıların sayı 2191 nəfərdir". SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib.

Şəhidlərin ailəsinə başsağlığı verən dövlət başçısı onların əbədi yaşayacaqlarını qeyd edib: "15 iyul şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün Boğaziçi körpüsü Şəhidlər Körpüsü, eləcədə Ankaranın mərkəzi meydanı Demokratiya Meydanı adlandırılıb. Bundan başqa İstanbulda onların şərəfinə abidə ucaldılacaq. Onların adına məktəblər olacaq".

Onun sözlərinə görə, hərbi çevriliş cəhdində iştirak edənləri nə türk, nə də müsəlman adlandırmaq olmaz: "Çünki bir millətin nümayəndəsi heç zaman bu cür addım ata bilməz".

Ərdoğan çıxışı zamanı Qərb ölkələrinin Türkiyədə baş verənlərə ikili standartlı münasibətindən də danışıb: "Əvvəlcə başsağlığı verir, sonradan hakimiyyətin baş verənlərin qarşısını almaq istiqamətində atdığı addımlarla bağlı narahatlıqlarını ifadə edirlər. Siz ən yaxşısı gedib öz işinizlə məşğul olun və məsləhətlərinizi özünüzə saxlayın".

Bütün xəbərlər Facebook səhifəmizdə