Paytaxt sakinləri Konstitusiyaya dəyişiklikləri necə qarşılayır? SORĞU - SƏS TV

Paytaxt sakinləri Konstitusiyaya dəyişiklikləri necə qarşılayır? SORĞU - SƏS TV

İyulun 18-də Prezident İlham Əliyev Konstitusiyaya dəyişikliklər haqqında "Konstitusiya Aktı" layihəsini Konstitusiya Məhkəməsinə göndərib. Həmin layihəyə əsasən, prezident seçkilərinin müddəti 5 ildən 7 ilə uzadılır, vitse-prezident postları yaradılır, prezidentə Milli Məclisi istədiyi vaxt buraxma səlahiyyəti verilir. Layihədə həmçinin mülkiyyət hüququ ilə bağlı maddəyə də dəyişikliklər nəzərdə tutulub.

Bəs paytaxt sakinlərinin bu layihəyə münasibəti necədir? SƏS TV bunu öyrənmək üçün Bakıda sorğu keçirib.

Şəhər sakini Sənan Nemətov: "Ümumiyyətlə Konstitusiyaya dəyişikliklər haqqında "Konstitusiya Aktı" layihəsini çox müsbət qiymətləndirirəm. Şəxsi fikrim odur ki, yaxın şərqdə baş verən hadisələr onu göstərdi ki, Avropa ölkələrinin üzdə dedikləri demokratiya əslində xalqları məhv etməkdir. Son dövrlər Suriyada, Misirdə, İraqda, Liviyada baş vermiş hadisələr heç bir səmərə vermədi əksinə orada olan xalqlar bərbad günə düşdülər. Hətta Türkiyə kimi qardaş dövlətimizdə baş verən proseslər də onu göstərdi ki, Türkiyə xalqı öz prezidentinin yanındadır. Təbii ki, biz də buna görə qabaqcadan öz önləmlərimizi almalıyıq. Azərbaycan dövləti üçün ancaq sabitlik lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev də bu sabitliyi qorumaqdan ötrü bu kimi addımları atır. Mən Konstitusiyaya dəyişiklikləri sabitliyin qarantı kimi qiymətləndirirəm".

Şəhər sakini Rəna Məmmədova: "Düşünürəm ki, Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendum ölkəmiz üçün əhəmiyyətli olacaq. Əsas odur ki, atılan hər bir addım Azərbaycan dövləti üçün yaxşı olsun. Mən ətrafıma nəzər salarkən ölkəmizin necə stabil şəraitdə yaşadığını görürəm. Şükür edirəm ki, mən Azərbaycan kimi bir dövlətin vətəndaşıyam".

Şəhər sakini Aydın Quliyev: "Hesab edirəm ki, əgər qarşıya qoyulan məqsəd minimum həyata keçirilirsə, gələcək dövrlərdə xalqın etimadı doğrulursa xalq yenidən həmin şəxsə səs verə bilər. Ən başlıcası odur ki, qarşıya qoyulan problem heç olmasa minimum həyata keçirilsin. Əgər Konstitusiyada yeniliyə uyğun hər hansı bir dəyişiklik lazımdırsa mən ona çox müsbət baxıram. Ümumiyyətlə hakimiyyətin mənbəyi xalq olduğuna görə xalqın rifah halının yüksəldilməsinə xidmət edəcək hər bir addımı dəstəkləyirəm".

Şəhər sakini Anar Hüseynov: "Konstitusiyaya dəyişikliklər haqqında "Konstitusiya Aktı" layihəsinə münasibətim çox gözəldir. Düşünürəm ki, bu kimi dəyişikliklər ölkəmizin yaxşılığına doğru hesablanıb. Bu gün dünyada baş verən prosesləri hər birimiz görürük və şahidi oluruq. Türkiyə xalqının öz prezidentlərinə dəstək olmasını görüncə bizlərdə qürur hissi yaşadıq. Ümumiyyətlə burada əsas prezidentdir. Prezidentin siyasəti həmişə güclü və irəlidə olub. Təbii ki, əhalidə hökumətə qarşı möhkəm durmalıdır. Azərbaycanın atdığı hər bir addımda dünyaya bir nümunə olmalıdır. Ölkəmiz gördüyü hər bir işlə özünü doğruldub. Cənab Prezidentin atdığı hər bir addım yerində verilmiş bir qərardır. Biz ölkə başçısına dəstək veririk və bundan sonra da həmişə onu dəstəkləyəcəyik".

Şəhər sakini Qabil Məmmədov: "Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin Konstitusiyaya dəyişikliklərlə bağlı imzaladığı Sərəncam çox düzgün addımdır. Bu, xalqımız və Vətənimiz üçün yaxşı bir qərardır. Ümumiyyətlə Konstitusiyada bəzi şeylərə yenidən baxılması dövlətimiz üçün vacib məsələdir. Əgər prezident yaxşı işləyirsə onun hakimiyyətdə qalması önəmlidir. Bu gün şəhərimiz günü-gündən gözəlləşir və yollarımız abadlaşır. Təbii ki, biz də bütün bunlarla qürur duyuruq. Ən əsası isə korrupsiyanın qarşısı alınır".

Şəhər sakini Rasim Yusifov: "Prezident İlham Əliyevin atdığı hər bir addımı dəstəkləyirəm. Mən də bir Azərbaycan vətəndaşı kimi refendumda canla-başla iştirak edəcəm. Biz elə bir ölkəyik ki, həqiqətən də bir çox ölkələr Azərbaycandan nümunə götürür. Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasətindən bu gün başqa-başqa ölkələr də istifadə edir. Bu mənada ölkə rəhbərinin addımını alqışlayıram".

Qeyd edək ki, bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı plenum iclası keçirilib. İclasda Konstitusiya Məhkəməsi təklif olunan dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edib.

Rəydə bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin təklifləri xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin müddəalarına uyğundur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

Xatırladaq ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə