Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Milli Mətbuatın 141 illiyi ilə əlaqədar qəzet, televiziya və elektron informasiya saytlarının nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilib. SİA-nın məlumatına görə, Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov mətbuat nümayəndələrini 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun təbriklərini çatdırdı və Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yoldan danışdı. Həsən bəy Zərdabi ideyalarını və "Əkinçi" ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli yol keçdiyini bildirərək "Əkinçi" qəzetinin xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynadığını, ölkəmizdə siyasi düşüncənin intibahının məhz milli mətbuatın yaranması ilə bağlı olduğunu söylədi. Həmçinin, diqqətə çatdırıldı ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində jurnalistlərin yaxın dostu Ümummilli Liderin tarixi xidmətləri olub. Natiq ulu öndər Heydər Əliyevin milli mətbuata göstərdiyi diqqət və qayğının bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı: "Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb".
Tədbirdə çıxış edən KİV nümayəndələri Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışdılar.
Sonra milli mətbuatın 141 illiyi münasibətilə bir qrup jurnalistə şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB