Eldar İbrahimov: "Dünyada prezidentlik müddəti 7 il olan ölkələr az deyil" MÜSAHİBƏ - SƏS TV

Eldar İbrahimov: "Dünyada prezidentlik müddəti 7 il olan ölkələr az deyil" MÜSAHİBƏ - SƏS TV

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun SƏS TV-yə müsahibəsi

- Eldar müəllim, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Məsələyə sizin yanaşmanızı öyrənmək istərdik?

- Mən Referendum Aktını yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu təklif olunan dəyişikliklər həqiqətən də zamanın tələbidir. Azərbaycan gündən-günə inkişaf edir və yeni tələblər ortaya çıxır. Bu tələblərə cavab vermək üçün 20 il bundan əvvəl qəbul edilən Konstitusiyamıza dəyişikliklərin edilməsi vacibdir. Təklif edilən dəyişiklərin hər biri həyati vacib, taleyüklü dəyişikliklərdir ki, onlardan da biri - əgər kimsə mülkiyyətindən cəmiyyətin məqsədləri üçün istifadə etmirsə, o zaman həmin torpaq özəlləşdirilə bilər. Yeni dəyişikliklərdə buna icazə verilir. Hazırda 200 min hektara qədər torpaq ayrı-ayrı şəxslər tərəfindən zəbt edilib. Yəni həmin torpaqlardan istifadə edilmir. Axı, bu torpaq dövriyyəyə qatılmalıdır. Həmin torpaqlarda kənd təsərrüfatı məhsulları istehsal edilməlidir ki, ölkənin ərzaq bolluğunu, ərzaq təhlükəsizliyini təmin edə bilək. Ölkədə istifadəsiz torpaqlarla bağlı xüsusi vergi, cərimələr, cinayət məsuliyyətinə cəlb edilməsinin məqsədi bu cür torpaqların əkilməyə məcbur edilməsidir. Bu baxımdan Konstitusiyaya təklif edilən dəyişiklik çox böyük əhəmiyyət kəsb edir.

- Təkliflərə əsasən, ölkəmizdə vitse-prezidentlər institutu yaradılacaq. Bunun əhəmiyyəti nədən ibarət olacaq?

- Belə bir institutun yaradılması dünyada mövcuddur. Bir çox ölkələrdə vitse-prezidentlər var. Azərbaycanda da yaradılması günün tələbidir. Bu çox düzgün qərardır və mən bu addımı alqışlayıram. Bu institutun yaradılmasının heç bir orqana təsiri yoxdur. Bunun yaradılmasında məqsəd dövlət idarəetməsini daha da gücləndirməkdir. Layihədə I vitse-prezidentin toxunulmazlığı və digər məsələlər geniş şəkildə əks olunub. Onlar seçildikdən sonra onlara hansı səlahiyyətlərin verilməsini isə ölkə başçısı təyin edəcək.

- Layihədə Prezidentin səlahiyyət müddətinin artırılması məsələsi də öz əksini tapıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Prezidentin səlahiyyət müddətinin artırılması məsələsi dünya təcrübəsində mövcuddur. Dünya ölkələri arasında prezidentlik müddəti 7 il olan ölkələr az deyil. 2003-cü ilin fevral ayının 1-də Ulu Öndər xəstəxanada olarkən ona zəng vuraraq söylədim ki, bir çox ölkələrdə prezidentlik müddəti 7 ildir. O da cavabında bildirdi ki, nə demək istəyirsən, bizdə də elə olsun? O zaman mən söylədim ki, müharibə ölkəsində 5 ildən bir seçkinin keçirilməsi həm də maddi tərəfdən sərf etmir. Çünki seçkiyə kifayət qədər maliyyə ayrılır. Bundan başqa seçki ölkədə qeyri-münasib hallarla qarşılaşa bilir, insanlar da işindən olur. Onsuz da iki ildən bir seçkilərin keçirildiyi ölkə olmuşuq. Çünki, ölkədə həm prezident, həm deputat, həm də bələdiyyə seçkiləri keçirilir. Bu baxımdan səlahiyyət müddətinin 7 il olması daha yaxşıdır. Onsuz da 5 il elə bir müddətdir ki, çox tez gəlib keçir və prezidentin fəaliyyəti üçün bu müddət azlıq təşkil edir. 2003-cü ildə deputat həmkarlarım da məni dəstəklədi. Lakin Ulu Öndərin mətbuat katibi məlumat yaydı ki, Ümummilli Lider bu təkliflə çıxış edənlərə təşəkkür edir, lakin bununla razılaşmır. O zaman Fransada da prezidentlik müddəti 7 il idi. Sonradan Jak Şirak bunu 5 ilə endirdi. Bu gün Qazaxıstan, Özbəkistan, Türkiyə və bir çox ölkələrdə prezidentin səlahiyyət müddəti 7 ildir. Xalq da bunu istəyir. Seçkilərə gedən vaxt digər məsələlərin həllinə yönələ bilər.

- Təkliflərdə Azərbaycanda parlament seçkilərində deputatlığa namizədlərin yaş həddinin 18 olmasının müsbət tərəfləri nədən ibarətdir?

- Əgər 18 yaşında gəncin seçmək hüququ varsa, niyə seçilmək hüququ olmasın? Bu baxımdan düşünürəm ki, bu məsələ yerində edilən təklifdir. Azərbaycan demokratik ölkədir və getdikdə dünyaya inteqrasiya yolunu seçib. Seçkidə iştirak etmək mütləq şəkildə seçilmək demək deyil, sadəcə bu yaşda da namizədlər özlərini sınamaq imkanı qazanacaqlar. Niyə 20 yaşında deputat olmasın? Hazırda parlamentdə ən gənc deputatların sayı 27-dir və biz onları alqışlayır, fikirlərini yüksək qiymətləndiririk. Bunun əskinə xeyri var. Dünyaya gənclərin gözü ilə baxmaq ölkəmiz üçün böyük əhəmiyyətə malikdir.

- Konstitusiyaya təklif edilən dəyişikliklər Azərbaycan xalqının qaysaq bağlamayan yarası olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinə hər hansı bir formada təsir edəcəkmi?

- Konstitusiyada insan hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatı ilə bağlı məsələlər öz əksini tapıb ki, onlar da dolayı yolla Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində öz rolunu oynayacaq. Torpaqlarımız işğaldan azad edildikdən sonra Konstitusiyada oradakı insanların hüquqlarının qorunması ilə bağlı maddələr də nəzərdə tutulacaq. Ümumiyyətlə, təklif edilən dəyişikliklər gələcəkdə qanunlara dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə