“Posik” qəzetinin nümayəndə heyəti AMEA-da olub

“Posik” qəzetinin nümayəndə heyəti AMEA-da olub

İyunun 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Rusiyanın "Poisk" qəzetinin baş redaktorunun birinci müavini Yelizaveta Ponarinanın başçılıq etdiyi nümayəndə heyətilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə akademik Rasim Əliquliyev bildirib ki, nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı AMEA-nın prezidenti, akademik Akif
Əlizadə xüsusi sərəncam imzalayıb. Sərəncama əsasən ezamiyyət proqramının tərtib edildiyini, qonaqların Bakı şəhəri ilə yanaşı,
AMEA-nın regional elmi mərkəzlərində də görüşlər keçirəcəyini qeyd edən akademik-katib "Poisk" qəzetinin nüma­yən­dələrinin Azərbaycana
səfərinin səmərəli olacağına əminliyini bildirib. AMEA-nın akademik-katibinə səmimi qəbula görə təşəkkürünü bildirən Yelizaveta Ponarina qeyd edib ki, səfərin əsas məqsədi AMEA-nın elmi, elmi-təşkilati, o cümlədən regionlardakı elmi-innovativ fəaliyyəti, əldə olunan elmi nailiyyətlər haqqında material hazırlamaqdır.

Sonra AMEA-nın akademik-katibi qonaqların çoxsaylı suallarını cavablandırıb. Rasim Əliquliyev Akademiya ilə Rusiya Elmlər Akademiyası arasında çoxşaxəli əməkdaşlıqdan və rəhbərlik etdiyi AMEA İnformasiya Texnologiyaları İnstitutununun fəaliyyətindən danışıb. İnstitutun təkcə Akademiyanın deyil, bütövlüklə respublikanın informasiyalaşması sahəsində mövcud olan problemlərin həlli ilə məşğul olduğunu qeyd edən akademik-katib İTİ-nin fəaliyyət istiqamətlərinin elektron dövlətin qurulması, informasiya təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı, elmin populyarlaşdırılması, elektron elm və digər bu kimi məsələlərdən ibarət olduğunu vurğulayıb.

Akademik respublikamızda İKT-nin həyatın bütün sahələrində tətbiqi nəzərdə tutulduğu üçün AMEA-nın institut və təşkilatlarında da bu prosesin genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayıb. Rasim Əliquliyev bildirib ki, AMEA-nın vahid kompüter sisteminə 4500-dən artıq kömpüter qoşulub, Akademiyada qabaqcıl informasiya texnologiyalarından istifadə edilməklə respublikanın bütün elmi qurumlarını əhatə edən vahid elmi şəbəkə infrastrukturu qurulub, mövcud sahədəki problemlərə həsr olunmuş konfrans və simpoziumlar
keçirilib.

AMEA prezidenti, akademik Akif Əlizadənin proqram mühəndisliyi və proqram təminatına böyük önəm verdiyini qeyd edən akademik Rasim Əliquliyev institutda təşkil olunan Gənc proqramçılar məktəbindən, bu sahəyə həsr olunan olimpiadalar və digər tədbirlərdən danışıb.

Görüşün sonunda AMEA-nın akademik-katibi və rusiyalı qonaqlar bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə