Bahar Muradova: “Azərbaycanın insan hüquqları ilə bağlı xüsusi təcrübəsi var”

Bahar Muradova: “Azərbaycanın insan hüquqları ilə bağlı xüsusi təcrübəsi var”

"18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günüdür. Azərbaycan insan hüquqları sahəsində demokratik ölkələrin uzun illərdə ərzində əldə etdiklərini qısa müddətdə mənimsəyib". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova parlamentdə keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

Bu gün Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrindən biri olduğunu deyən B.Muradova qeyd edib ki, Azərbaycan insan haqları ilə bağlı bütün çətinlikləri artıq geridə qoyub: "Qarşıya qoyulan vəzifə 1995-ci ildən Ulu Öndər Heydər Əliyevin imzaladığı insan hüquqları sahəsində ilk dövlət proqramı ilə həyata keçirilməyə başladı. 10 il müddətində həmin proqramın konkret nəticələri özünü göstərdi. Ümumiyyətlə, insan hüquqlarının qorunması ilə bağlı əldə olunan bütün uğurlar da məhz Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycan prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirərək 18 iyunu Milli İnsan Hüquqları Günü kimi qeyd edilməsi ilə bağlı sənəd imzaladı".

Bu illər ərzində ölkəmizdə insan hüquqları ilə bağlı böyük işlər görüldüyünü deyən Milli Məclisin vitse-spikeri qeyd edib ki, Azərbaycanın bu sahədə xüsusi təcrübəsi var: "2001-ci ildə ölkəmizdə Ombudsman institutu yaradılıb və Elmira Süleymanova Ombudsman Aparatına rəhbərlik edib. O, bu istiqamətdə bir sıra mühüm addımlar atıb və bu gün də lazımı işlər görülür. İnsan hüquqlarının təmin edilməsi qanunverici bazadan asılıdır. Ölkəmizdə bu istiqamətdə bütün hüquqi bazalar hazırlanıb. Məhkəmələr bu hüquqlarının təmin edilməsində Azərbaycan hökuməti adından qərar verirlər. Azərbaycan iqtidarının həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Vətəndaş cəmiyyətinin də bu məsələdə müəyyən rolu var".

Bütün xəbərlər Facebook səhifəmizdə