Siyavuş Novruzov: "A kişi göydən dollar, manat yağır?"

Siyavuş Novruzov: "A kişi göydən dollar, manat yağır?"

"Şəffaflıqdan, birlikdən danışırıqsa, büdcədənkənar vəsait anlayaşını başa düşə bilmirəm. İşçinin sosial vəziyyətinin yaxşılaşdırılması dövlət büdcəsinə daxil edilməlidir". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Parlamentin bugünkü iclasında Vergilər Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, nə Hesablama Palatası, nə də digər dövlət qurumları büdcədənkənar vəsaitləri yoxlaya bilmir: "Hətta onların işi məhdud olur. Haradan bilim ki, Vergilər Məcəlləsinə edilən dəyişiklikdən sonra kimlər nə qədər mənfəət götürür. Buna kim zəmanət verə bilər? Burada tərəfkeşlik, ayrı-seçkilik nə dərəcədə tənzimlənəcək? Hazırda bu rəqəm 25 faizdir, indi isə biz bunu 50 faiz edirik. Gələcəkdə bu 100 ediləcək. Belə çıxır ki, insanlar qazandıqları pulu ancaq vergi işçilərinin əmək haqının artırılmasına verəcək? Bu cür yanaşma düzgün deyil".

S. Novruzov regionlarda abadlıq işlərinin büdcədənkənar vəsaitlər hesabına aparılması ilə bağlı fikirlərini bildirib ki, bu cür yanaşmalar ləğv edilməlidir: "Birdə görürsən ki, regionlarda hansısa abadlıq işinin büdcədənkənar vəsait hesabına həyata keçirildiyini bildirirlər. A kişi göydən dollar, manat yağır? Prezidentin ehtiyat fondu var və ənənəvi şəkildə regionlara maliyyə vəsaitləri ayrılır. Həmin o məbləğlər də büdcədə nəzərdə tutulmuş vəsaitdir. Hər şeyin hesabı-kitabı var. Ümumiyyətlə, bu cür yanaşmalar ləğv edilməlidir. Daxil olan bütün vəsaitlər dövlət büdcəsinə köçürülməlidir. Cəbhəboyu ərazilərdə xidmət edən əsgərlərin maaşı niyə artırılmasın? Halbuki onlar yağışda, boranda vətənin keşiyində dururlar. Ancaq maliyyə sanksiyası tətbiq edə bilmədiyindən onun sosial təminatı yaxşılaşmır. Bu kimi sanksiyalar nəzərdə tutulanda bunu aidiyyatı qurumlarla razılşadırıb sonra tətbiq etmək lazımdır. Hansı xarici ölkənin təcrübəsində belə bir yanaşma var? Özümüzdən Amerika kəşf etməli deyilik. Sanksiyaların tətbiq edilməsinə qarşı deyiləm. Sadəcə istərdim ki, bütün əldə olunan vəsaitlər dövlət büdcəsinə daxil olsun. Yalnız bundan sonra şəffaflıqdan danışmaq olar. Əks təqdirdə biz rüşvətxorluq mənbəyi yaradırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə