Elçin Mirzəbəyli: "Bu, simasızlığın son həddidir" AÇIQLAMA

Elçin Mirzəbəyli: "Bu, simasızlığın son həddidir" AÇIQLAMA

"İrəvanın mərkəzində hərbi cinayətkar Qaragen Njdeyə abidə ucaldılması sübuta yetirir ki, Ermənistan istər SSSR-nin tərkibində olanda, istərsə də indiki şəraitdə Rusiya ilə hərbi müttəfiq olduğu dövrdə heç zaman səmimi olmayıb. Çünki Ermənistan yaxşı başa düşür ki, Rusiya faşizmdən nə qədər əziyyət çəkib". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, faşizm faktorunun qabardılması, faşizmə xidmət edən insana abidə qoyulması bilavasitə Rusiya üçün həssas məsələdir: "Rusiyanın həssaslığı nəzərə alınmayıb. Bu, ilk növbədə Ermənistanın müttəfiqlərinə münasibətində nə qədər qeyri-səmimi olduğunu göstərir. Ermənistan bu günə qədər terrorçulara daim dəstək verib. İrəvanda faşizmə xidmət edən bir şəxsə abidə ucaldılması qeyri-adi bir şey deyil. Bu, Ermənistanın riyakarlığıdır. Ermənistan bir tərəfdən faşizmə qarşı mübarizə aparan insanlarla birlikdə qələbə paradında iştirak edir, digər tərəfdən o qələbənin əldə olunmasına qarşı döyüşənlərə abidə ucaldır. Bu, simasızlığın ən son həddidir və erməni riyakarlığını nümayiş etdirir".

Siyasi şərhçi bildirib ki, Rusiya Ermənistana qarşı bəyanatlarla kifayətlənməli deyil: "Rusiya Ukraynada faşizmi dəstəkləyən, müdafiə edən insanlara ən sərt formada, aqressiv münasibət göstərirsə, Emrənistana qarşı yalnız bəyanatlarla kifayətlənməməlidir. Bu özü də Rusiyanın əslində ikili standartlardan çıxış etməyini sübuta yetirir. Bu ölkənin Ukraynaya münasibəti necədirsə, Ermənistana da eyni olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə