Millət vəkili: “Milli Qurtuluş Günü Azərbaycan tarixində ən şərəfli günlərdən biridir"
"Milli Qurtuluş Günü Azərbaycan xalqının, dövlətçiliyinin tarixində ən şərəfli günlərdən biridir. Həmin gün tarixdə eyni zamanda ən çətin günlərdən biri kimi yadda qalıb. Məhz 1993-cü ilin iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıtması ölkəmizi üzləşdiyi çox ciddi təhlükələrdən xilas etdi". Bunu SİA-ya açıqlmasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.
O qeyd edib ki, həmin il iyunun əvvələrində Gəncədə hakimiyyətin ayrı-ayrı qanadlarında yer alan insanlar arasında çox ciddi fikir ayrılığı konfliktə gətirib çıxarıb və hadisələr vətəndaş müharibəsinə doğru irəliləyib: "Həmin zaman Gəncədə qan töküldü, qardaş-qardaşın üstünə silah qaldırdı və dövlət idarə olunmaz vəziyyətdə düşdü. Məhz Azərbaycan xalqının təkidli tələbi, o zamankı prezident Əbülfəz Elçibəyin xahişi ilə Ümummilli Lider Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi və uğurlu fəaliyyəti bütün çətinlikləri aradan qaldırdı. Ulu Öndər Heydər Əliyev Ali Məclisdə çıxış etdi, öz mövqeyini xalqa bildirdi, həyatını böyük riskə qoyaraq Gəncəyə gedib Surət Hüseynovun dəstəsi ilə danışıqlar apardı. Ümummilli Lider onlara silahı yerə qoyub, bütün münaqişələri danışıqlar yolu ilə həll etməyi tövsiyyə etdi. Daha sonra Ulu Öndər Azərbaycan Milli Məclisinin sədri seçildi və qısa müddətdə hərc-mərcliyin, vətəndaş qarşıdurmasının, dövlətin idarə olunmasının məcradan çıxmasının qarşısını aldı".
Millət vəkili bildirib ki, sözügedən zamanda Ümummilli Lider Heydər Əliyev Azərbaycanın parçalanmasının qarşısını alıb: "Ulu Öndər Heydər Əliyev bəzi qüvvələrin ölkənin Şimalını Azərbaycandan ayırmaq istəməsinin, Cənubda Əlikram Hümbətovun qeyri-qanuni Talış Muğan Respublikası avantürasının qarşısını alıb. Ümummilli Lider ölkədə sabitlik yarandıb və dövlətçilik qurmağa başlayıb. Ona görə, həmin günə Milli Qurtuluş Günü adı verilib. Buna görə xalqımız Ulu Öndəri yad edərkən, birinci növbədə Onun dövlətçiliyimizi xilas etməsi, müstəqilliyimizi qoruması yolundakı fəaliyyəti göz önünüə gəlir. Milli Qurtuluş Günü həmrəylik, dostluq və dövlətçilik bayramıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB