İqtisad Universitetində “Qurtuluş – 23” adlı tədbir keçirilir YENİLƏNİR

İqtisad Universitetində “Qurtuluş – 23” adlı tədbir keçirilir YENİLƏNİR

Bu gün İqtisad Universiteti və "Səs" Media Qrupunun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışının 23-cü ildönmünə həsr olunmuş "Qurtuluş – 23" adlı tədbir keçirilir. SİA-nın məlumatına görə, tədbirdə İqtisad Universtetinin rektoru, İqtisad elmləri doktoru Ədalət Muradov, MM-nin komitə sədri Eldar İbrahimov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədov, deputat Şahin İsmayılov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, təşkilatçı, "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəlində ikinci dəfə dövlət müstəqilliyini elan etməsindən və müstəqilliyin ilk illərində ölkədə baş verən ağır ictimai, siyasi proseslərdən bəhs ediblər. Bildirilib ki, belə bir ağır, böhranlı vəziyyətdə xalqı öz arxasınca aparmağa qadir Liderə ehtiyac vardı: "Təbii ki, Respublikada hər kəs nicat yolunu dahi Öndər Heydər Əliyevdə görürdü. İnsanlar tam şəkildə dərk edirdilər ki, ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız dahi lideri Heydər Əliyevin ətrafında sıx birləşməklə üzləşdiyi problemləri aradan qaldırmaq və gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə Ulu Öndər Heydər Əliyev canından çox sevdiyi xalqının təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə ihakimiyyətə qayıdışı sözün əsl mənasında böyük fədakarlıq idi".

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, hərbi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu başlandı: "Əsası qoyulan düzgün, məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş hüquqi, demokratik dövlətlərdəndir".

Tədbirin sonunda YAP-ın İqtisad universiteti üzrə ərazi ilk təşkilatına qəbul olan üzvlərə vəsiqələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə