Musa Qasımlı: “Almaniyanın boynuna böyük yük düşür” MÜSAHİBƏ

Musa Qasımlı: “Almaniyanın boynuna böyük yük düşür” MÜSAHİBƏ

Milli Məclisin deputatı, professor Musa Qasımlının SƏS TV-yə müsahibəsi:

- Musa müəllim, bildiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfər etdi. Ümumiyyətlə, bu səfər iki ölkə arasındakı əlaqələrə hansı töhfələr verə bilər?

- Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti fəal beynəlxalq siyasət yürüdür. Beynəlxalq siyasət həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilir. Cənab Prezidentin Almaniya Federativ Respublikasına səfəri həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər baxımından böyük əhəmiyyət daşıyır. Gəlin görək, ikitərəfli münasibətlər baxımından bunun əhəmiyyəti nədir? Azərbaycan-Almaniya münasibətlərinin dərin tarixi kökləri var. Bizim münasibətlərimizi bir sıra amillər şərtləndirir. Almaniyada azərbaycanlılar yaşayırlar. Azərbaycanlıların Almaniyada yaşamasının çox zəngin tarixi var. Bununla belə bir neçə əsr əvvəl almanlar Azərbaycana köçürülüblər və xalqımız onlara isti qucağını açıb, bütün şəraiti yaradıb. Beləcə, almanlar Azərbaycanı özlərinin Vətəni hesab ediblər. İkitərəfli münasibətlərin dövlət müstəqilliyi bərpa edildikdən sonra böyük bir keçmişi var. Düzdür, bu yaxın tarixdir. Amma 25 il ərzində Azərbaycan-Almaniya münasibətlərinin həm diplomatik, siyasi, ticarət, iqtisadi, həm də hərbi, təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərində çoxlu işlər görülüb. Ən başlıcası ondan ibarətdir ki, qarşılıqlı münasibətlərin hüquq-müqavilə bazası yaradılıb. Bu münasibətlərin maddi təməli möhkəmlənib. İki ölkə bir-biri ilə ticarət ortağıdır. Azərbaycan və Almaniyanın bir çox məsələlərdə maraqları üst-üstə düşür. Azərbaycanda Almaniya şirkətləri fəaliyyət göstərir. Bununla belə bizim çox geniş əlaqələrimiz var.

Çoxtərəfli məsələlərə gəldikdə isə Azərbaycan Almaniya ilə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Almaniya Federativ Respublikası ATƏT-in hazırkı dönəm sədridir. Təbii ki, Azərbaycanın da həll olunmamış bir problemi var. Bu, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ məsələsidir. Deməli, Almaniya ATƏT-in Minsk qrupunun işini fəallaşdırmaq üçün çalışmalıdır. Biz bütün bu məsələləri kompleks götürəndə cənab Prezidentin Almaniyaya səfəri böyük əhəmiyyət daşıyır. Dövlət başçısının Biznes Forumda iştirakı, çıxışı, keçirdiyi geniş müxtəlif səviyyəli danışıqlar hamısı iki ölkə arasında münasibətlərin həm təməllərini möhkəmləndirir, həm də gələcək inkişafı üçün yeni perspektivlər açır.

- Qeyd etdiyiniz kimi Almaniya həm də ATƏT-ə sədrlik missiyasını həyata keçirir. Necə düşünürsünüz, sədrlik müddəti başa çatanadək Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hansı prinsipial mövqe sərgiləyə bilər?

- Almaniya Avropanın aparıcı ölkəsidir. Əslində bu ölkə Avropanın ürəyidir. Bütün Avropa iqtisadiyyatı bir çox məqamlarda Almaniyadan asılıdır və sıx bağlıdır. Almaniya ATƏT-in hazırkı sədri olaraq Minsk qrupunun fəaliyyətini gücləndirə bilər. Bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun 3 həmsədr dövləti var – Fransa, ABŞ və Rusiya. Belə bir şəraitdə ATƏT-in həmsədr ölkəsi öz səlahiyyətlərindən geri çəkilməməlidir, əksinə onun üzərinə böyük məsuliyyət düşür. Həmin məsuliyyət isə Ermənistanın təcavüzünə, onun nəticələrinə son qoymaq və bu münaqişəni həll etməkdir. Əslində bu münaqişə deyil. Bu, Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzüdür. Təbii ki, Almaniyanın da böyük bir ölkə, eyni zamanda ATƏT-in sədri kimi boynuna böyük yük düşür. Bu ondan ibarətdir ki, Almaniya fəaliyyətini canlandıra bilər. Belə ki, Ermənistana təzyiqlər göstərsin, işğal edilmiş Dağlıq Qarabağ regionundan və ətraf rayonlarından işğalçı qüvvələri çıxarsın və münaqişə dinc siyasi vasitələrlə həll olunsun. Əgər dinc siyasi vasitələrlə bu münaqişə həll olunmursa deməli, status-kvo saxlanıla bilməz. Çünki qətiyyən bu mümkün deyil. Bu artıq hərbi münaqişənin yenidən başlanması deməkdir. Yəni Azərbaycan öz torpaqlarının işğal altında qalması ilə barışmayacaq.

Dövlətimiz öz torpaqlarını işğalçılardan azad edəcək. Əgər bu müharibəyə gətirəcəksə, o zaman bu məsələlərdə məsuliyyət ATƏT-in sədri olan ölkənin və Minsk qrupunun həmsədr dövlətlərinin üzərinə düşür. Çünki Minsk qrupu yaradılarkən onlara konkret mandat verilib. Təbii ki, həmin mandat çərçivəsində onlar fəaliyyət göstərməlidirlər. Ermənistanın siyasəti isə o mandatın həyata keçirilməsinə imkan vermir.

- Almaniya Parlamentinə faktlar, sübutlar təqdim olunmasına baxmayaraq hələ də Xocalı soyqırımını tanımayıb. Amma bunun əvəzində 100 il bundan əvvəl törədilməsi ehtimal olunan qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qətnamə qəbul edib.

- Almaniya Bundestaqının tarixdə olmayan uydurma "erməni soyqırımı" haqqında qətnamə qəbul etməsi rüsvayçılıqdır və başdan ayağa yalandır. Təbii ki, bu, Almaniyanı gözdən düşürən bir qərardır. Amma bunun qəbul olunmasının səbəbləri var. Səbəblərdən biri odur ki, bununla Türkiyəyə təzyiqlər edirlər. Onlar uydurma erməni soyqırımını qəbul etdirməklə Türkiyəni bir küncə sıxışdırmaq və gələcəkdə onun ərazisini parçalamaq istəyirlər. Əslində qondarma erməni soyqırımı bir vasitədir. Ermənilər uydurma soyqırımı söyləməklə özlərinin yazıq əzabkeş obrazını yaradırlar və sonradan o ərazilərə iddia edirlər. Yəni bu məsələlərin qəbulunda açıq desək ikili standartlar var. Ümumiyyətlə, tarixdə uydurma erməni soyqırımı olmayıb. Almaniya parlamentinin məhkəmə rolunda çıxış etməsi və belə qərarlar qəbul etməsi tamamilə yanlışdır. Bəlkə kimsə deyə bilər ki, bu demokratiyadır, deputatlar sərbəstdirlər və onlar istənilən qərarları qəbul edə bilərlər. Amma bu tamamilə yanlış bir şeydir. Ümumiyyətlə, Xocalıda Ermənistanın bəşəriyyətə və sivilzasiyaya qarşı dövlət səviyyəsində cinayət törətməsinə Almaniyanın laqeyd qalması çox üzücüdür.

1992-ci ilin fevralında Xocalıda Ermənistanın törətdiyi soyqırımı bizim bu günümüz və müasirimizdir. Təbii ki, həmin hadisənin şahidləri və video kadrları var. Bütün bunlar ikili standartların nümunəsidir. Sanki dünyada belə bir proses gedir ki, türk milləti gözdən düşürülsün və küncə sıxışdırılsın. Amma nə qədər belə qərarlar qəbul edilsə də türk xalqının və Türkiyə dövlətinin etmədiyini kimsə onun boynuna yıxa bilməz və ona qəbul etdirə bilməz.

- Prezident İlham Əliyev Almaniyada səfərdə olduğu zaman Müsavat və AXCP-in üzvü olan Həbib Müntəzir və Elmir Mirzoyev qondarma "DQR"-in və Ermənistanın bayraqlarını əllərində tutaraq primitiv aksiya keçirdilər. Siz bu barədə nə deyərdiniz?

- Ümumiyyətlə, bu, çox utanverici bir haldır. Mən artıq onların azərbaycanlı olmalarına şübhə edirəm. Əgər onlar azərbaycanlıdılarsa öz millətinin gözünə necə baxacaqlar. Həmin şəxslər əslində öz hərəkətləri ilə Azərbaycan millətini təhqir ediblər. Bu eyni zamanda onların satıldıqlarını göstərir. Azərbaycan demokratik bir ölkədir. İnsanlar istədiyi siyasi partiyada ola, çıxa və ora üzv ola bilərlər. Bu baxımdan Azərbaycanda heç bir problem yoxdur. Problem odur ki, özünü azərbaycanlı adlandıran bir şəxs onun torpağını işğal etmiş bir ölkənin bayrağını əlində tutur. Onlar həmin təcavüzkar ölkənin yaratdığı qondarma separatçı qurumun nümayəndələri ilə birlikdə, bir cərgədə durub Azərbaycan Prezidentinə etiraz edib. Bu ən utancverici bir şeydir. Bu onu göstərir ki, həmin şəxslər üçün milli maraqlar ayaq altına atılıb. Azərbaycanın daxili problemləri ölkə içində həll olunmalıdır. Kimlərin nə baxışları, fikiləri varsa ölkə içərisində söyləyə bilər. Bu gün Ermənistan ölkəmizə qarşı hərbi təcavüz həyata keçirib. Hesab edirəm ki, Azərbaycanın qeyri-hökumət təşkilatları, KİV buna qiymət verməlidir. Vətən hər bir millətin namusudur. Onun sərhədini pozan, ərazisində separatçı qurum yaradan təcavüzkar ölkənin bayrağını əldə tutmaq olmaz.

Bütün xəbərlər Facebook səhifəmizdə