Dövlət başçısı: "Azərbaycan Rusiyadan döyüşlərin dayandırılmasını xahiş etməyib"
"Diasporumuzun xarici media orqanları ilə əlaqəsi yaxşı təşkil olunmayıb". SİA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxışı zamanı söyləyib.
Dövlət başçısı söyləyib ki, Azərbaycanın xarici mediaya çıxışı yaxşı vəziyyətdə deyil: "Bu vəzifə də diasporumuzun üzərinə düşür, buna dövlət müdaxilə edə bilməz. Ermənilər həmin mətbu orqanlarla geniş əlaqələr qurublar. Xaricdə böyük azərbaycanlı jurnalist təbəqəsi yetişməsi vacibdir: "Həmin jurnalistlər istər-istəməz Azərbaycan həqiqətlərini çatdıracaqlar. 21-ci əsrdə informasiya savaşı mühümdür. Hansı ölkəyə qarşı çirkin kampaniya aparılırsa, ictimai fikir ona qarşı gedir. Bu istiqamət prioritetdir və qurultayda müzakirə olunmalıdır. Əgər Azərbaycan dövləti buna dəstək verə bilərsə, buna hazırıq. Azərbaycan diaspor təşkilatları olan məsələdə bu, birinci məsələ olmalıdır".
Ölkə başçısı qeyd edib ki, ermənilər Azərbaycanı işğalçı, Ermənistanı yazıq ölkə kimi təqdim etməyə çalışırlar: "Buna müəyyən qədər nail ola biliblər. Belə olmasaydı, ABŞ Konqresi məşhur, eləcə də mənfur 907-ci düzəlişi qəbul etməzdi. Azərbaycan torpaqları işğal olunub, soyqırımı törədilib, ancaq bu düzəlişi qəbul ediblər ki, guya Azərbaycan Ermənistanı blokadada saxlayır. O dövrdə Azərbaycanı idarə edənlər də idarəçiliyin nə demək olduğunu bilmirdilər. Bu gün də həmin düzəliş qüvvədədir. Əvvəllər bu düzəlişin qaldırılmasına çalışsaq da sonradan qərara gəldik ki, buna ehtiyac yoxdur. Çünki bizim kiminsə yardımına ehtiyacımız yoxdur, özümüz ayaqda durmağı bacarırıq. Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, Qarabağ tarixi torpaqlarımızdır, ermənilər XIX əsrin sonlarında Dağlıq Qarabağa, digər Azərbaycan torpaqlarına Şərqi Anadoludan, İrandan köçürülüb. Hətta Qarabağda ermənilərin köçürülməsinin 150 illiyi ilə bağlı abidə vardı. Ermənistan ərazisi də tarixi Azərbaycan torpağıdır, toponimləri sonradan dəyişdirirlər".
Dövlət başçısı deyib ki, xaricdə hələ də çoxları Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bilmirlər: "Biz bu istiqamətdə iş aparırıq, həqiqətlərimizi çatdırırıq. Diaspor təşkilatlarımız da internet saytları açmalı, Azərbaycan qəzetləri dərc etməli, həmin ölkələrin ictimaiyyətləri üçün bu media orqanları maraqlı olmalıdır. Dünyada informasiya əsrində yaşayırıq. Erməni diasporu bunu özü edir, səfil Ermənistan dövləti bunu edə bilməz, öz büdcəsi üçün pul tapa bilmir. Azərbaycan dövləti isə diaspor təşkilatlarına bu məsələdə kömək edə bilər".
"Yeri gəlmişkən, Ermənistan nə qədər çalışsa da ki, aprel döyüşləri barədə yalan məlumatları dünyaya ötürsün, buna nail ola bilməyiblər. Yalnız erməni diasporuna satılmış xarici jurnalistlər aprel döyüşlərini ermənilərin qələbəsi kimi qələmə verməyə çalışdılar. Ancaq bacarmadılar. Hamı bilir ki, aprel döyüşlərində nə baş verib və nəticəsi nədir. Ermənistan rəhbərliyi xalqını və dünya ictimaiyyətini aldatmağa çalışır. Gah dedilər ki, heç bir torpaq itirməyiblər, guya qələbə qazanıblar, sonra da dedilər ki, torpaq itiriblər, ancaq əhəmiyyəti yoxdur. Sonra da dedilər ki, Azərbaycan alınmış torpaqları qaytarmalıdırlar. Gülünc vəziyyətə düşüblər. Bunun son ifadəsi Ermənistan prezidenti Serj Sarkisyan Avrasiya İttifaqının sammitində çıxışı zamanı oldu. Serj Sarkisyan dedi ki, guya Azərbaycan Rusiyadan döyüşləri dayandırmaq barədə xahiş edib, Qarabağ ordusu vəziyyəti nəzarətə alıb. Dəfələrlə yalan danışıb. Birincisi, aprel döyüşlərinin səbəbkarı Ermənistandır. Status-kvonu saxlamaq istəyir, təxribatlara əl atır. Ermənistan Dağlıq Qarabağda, o cümlədən Qazax istiqamətində təxribata əl atıb. Ermənistan 1 il əvvəl də təxribata əl atmışdı və buna görə bir vertolyotlarını itirdilər. Apreldə də Azərbaycan ordusu layiqli cavab verdi, Ermənistan yerinə oturdu. İkincisi, təmas xəttində nəzarəti necə ələ alıblar ki, 800 hektar torpaq itirdiklərini bildirirlər?! Həm də 800 hektar yox, 2000 hektardan çox ərazi azad edilib, bundan böyük əraziyə Azərbaycan ordusu nəzarət edir. Üçüncü yalan odur ki, Dağlıq Qarabağ ordusu yoxdur. Qarabağda erməni silahlı birləşmələrində xidmət edənlərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Dördüncü yalan odur ki, guya Azərbaycan Rusiyadan döyüşləri dayandırmağı xahiş edib. Bu, yalandır, Azərbaycan Rusiyadan xahiş etməyib. Azərbaycan ordusu əks-həmlə ilə torpaqlarımızı azad edib, 2-3 gün də Ermənistan itirilmiş torpaqları azad etməyə çalışıb. Sonra Rusiyadan xahiş edib. Rusiya Baş Qərargahı bildirdi ki, Ermənistan xahiş edir ki, döyüş dayandırılsın. Mən bir cümlədə 4 yalan danışan prezident görməmişəm, Ermənistan prezidenti bu baxımdan mənfi mənada Ginnesin rekord kitabına düşəcək. Aprel döyüşləri bir daha Azərbaycan ordusunun qüdrətini göstərdi. Qəhrəman Azərbaycan ordusuna eşq olsun! Yaşasın Azərbaycan!"- deyə, Azərbaycan prezidenti əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB