Dövlət başçısı: "Qurultayda səslənən fikirlər imkanlarımızı genişləndirəcək"

Dövlət başçısı: "Qurultayda səslənən fikirlər imkanlarımızı genişləndirəcək"

"Bu gün ölkəmizin həyatında çox əlamətdar gündür. Dünya Azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının rəhbərləri Azərbaycanda, Vətəndədirlər. Bütün azərbaycanlıları təbrik edirəm". SİA-nın xəbərinə görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxışı zamanı söyləyib.

Dövlət başçısı deyib ki, qurultay dünya azərbaycanlılarının birləşməsi, daha fəal olması üçün çox önəmli tədbir olacaq: "İlk qurultay Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. O vaxtdan indiyə qədər bizim imkanlarımız artıb. Biz həmişə xaricdəki azərbaycanlılarla maraqlanır, onların yaxşı yaşamasına çalışırıq. Eyni zamanda onların Azərbaycanla daim əlaqədə olmasına çalışırıq".

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından danışan Prezident İlham Əliyev bildirib ki, qurum yaradılandan sonra diaspor təşkilatlarının yaranması sürətlənib, hazırda 462 diaspor təşkilatı var: "Kəmiyyət və keyfiyyət baxımından diaspor təşkilatlarımız böyük yol keçib, önəmli rol oynamaqdadır. Heydər Əliyev sovet dövründə başqa respublikalarda yaşayan azərbaycanlılara xüsusi diqqət göstərirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 800 azərbaycanlı gənc imtahan vermədən Rusiya və digər sovet ölkələrinin ən qabaqcıl ali məktəblərində təhsil alırdılar. Ulu Öndərin Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü təsis edilib. Biz bu gün dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, Azərbaycan reallıqları ilə dünya ictimaiyyətini geniş tanış edə bilərik. Qurultayda səslənən fikirlər imkanlarımızı daha da genişləndirəcək".

Dövlət başçısı dünyada yaşayan azərbaycanlıların öz tarixi Vətənləri ilə heç zaman əlaqələrini kəsməsini istəmədiyini vurğulayıb: "Bu halda Azərbaycan dövləti onlara daha çox dəstək verəcək. Xaricdə milyonlarla azərbaycanlılar yaşayırlar. Mən istəyirəm ki, azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal rol oynasınlar. Yetişən gənclər də Azərbaycanla bağlı olmalı, Azərbaycan dilini bilməlidirlər. Xaricdə 160-dan çox həftə sonu Azərbaycan məktəbi fəaliyyət göstərir. Xaricdə yaşayan diaspor təşkilatları arasında koordinasiya işi aparılmalıdır".

Son 20 ildə Azərbaycana 200 milyard dollar sərmayə qoyulduğunu deyən Prezident söyləyib ki, biznes mühiti günü gündən yaxşılaşır, bürokratik əngəllər aradan götürülür: "Azərbaycanda şəffaflıq təmin edilir. Mən xaricdəki iş adamlarımızı Azərbaycana sərmayə qoymağa dəvət edirəm. Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir, sabitlik pozulur. Sabitlik olmayan yerdə investisiya da olmayacaq. Azərbaycanda sabitlik var, bunun qarantı Azərbaycan xalqıdır. Böyük maliyyə imkanları olan Azərbaycanı iş adamlarına müraciət edirəm ki, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar və digər sahələrə investisiya qoysunlar".

Prezident İlham Əliyev bildirib ki, xaricdə yaşayan hər bir azərbaycanlının ildə bir dəfə də olsa, Azərbaycana gəlməsi lazımdır: "Azərbaycan həm vətənimizdir, həm də ölkəmizdə turizm, istirahət üçün geniş imkanlar yaradılıb. Bunun ölkə iqtisadiyyatına da xeyri olacaq. Hazırda biz turizm sektorunu inkişaf etdiririk. Vizalarla bağlı da islahatlar aparırıq. Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi ən azı ildə bir dəfə Azərbaycana gəlsə, yaxşı olar".

Azərbaycan səfirlikləri və konsulluqlarının sayının artdığını qeyd edən dövlət başçısı Azərbaycanın Ermənistandan başqa heç bir ölkə ilə problemi olmadığını vurğulayıb : "Bizim zəif yerlərimizdən biri xaricdə icra və qanunvericilik orqanlarında yaxşı təmsil olunmamağımızdır".

Bütün xəbərlər Facebook səhifəmizdə