Prezident: "Azərbaycanda vətəndaş cəmiyyətində birlik var"

Prezident: "Azərbaycanda vətəndaş cəmiyyətində birlik var"

"Bəzi hallarda diaspor təşkilatları bir-biri ilə rəqabət aparırlar. Bu rəqabət sağlam olmalıdır". SİA-nın xəbərinə görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxışı zamanı söyləyib.

Ölkə rəhbəri bildirib ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyətində birlik var: "Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşsinlər. Belə olsa, ictimaiyyətin onlara hörməti də artacaq. Xarici ölkələrin cəmiyyətləri diaspor təşkilatlarımızın bir-biri ilə yola getmədiyini görsələr, onlara münasibət yaxşı olmayacaq. Əsas məsələ birlikdir. Azərbaycanlıların əksəriyyəti vətənpərvərdirlər, ölkəmizin güclənməsini istəyirlər. Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdəki səfirlərimiz təşkilatlarla daima əlaqədə olmalıdırlar. Mən 2 ildən bir səfirlərlə görüşürəm və diaspor təşkilatlarına kömək göstərmələrini tapşırıram. Səfirlərlə diaspor təşkilatları arasında əlaqələr güclənməlidir. Çünki məqsədimiz Azərbaycanın daha da güclənməsidir. İstəyirik ki, xaricdəki azərbaycanlılar yüksək mövqedə olsunlar, xaricdə qanunverici orqanlarda azərbaycanlıların sayı çox olsun. Əfsus ki, xaricdə azərbaycanlılar icra və qanunvericilik orqanlarında kifayət qədər təmsil olunmurlar. Azərbaycan dövləti bu işə müdaxilə edə bilməz, diaspor təşkilatlarımız bunu özləri etməlidirlər. Xaricdəki ölkələrdə diaspor təşkilatları arasında koordinasiya, əlaqə varsa, bu məqsədə çatmaq üçün asan yollar müəyyən ediləcək".

Dövlət başçısı qeyd edib ki, azərbaycanlılar xarici ölkələrdə böyük biznes imkanlarına malikdirlər: "Mən bunu alqışlayıram. Xaricdə yaşayan azərbaycanlılar öz həmvətənlərinə də kömək göstərirlər ".

Bütün xəbərlər Facebook səhifəmizdə