Aktau şəhərində rəsmi qəbul keçirilib

Aktau şəhərində rəsmi qəbul keçirilib

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən 28 May - Respublika günü münasibətilə Rəsmi qəbul keçirilib. SİA-nın məlumatına görə, Aktau şəhərinin ən böyük mərasimlər sarayı olan "Xan Şaxar" sarayında keçirilən mərasimdə Manqistau vilayət akimliyinin (qubernatorluğunun) rəsmiləri, xarici ölkələrin Aktauda akkreditə olunmuş baş konsulları, şəhər ictimaiyyətinin nümayəndələri, Manqistauda fəaliyyət göstərən xarici şirkətlərin rəhbərləri, diaspor üzvləri, digər xalqların milli-mədəni cəmiyyətlərinin üzvləri və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.

Rəsmi tədbirdə əvvəlcə Azərbaycanın turizm potensialı, ölkəmizin təbiəti, tarixi yerləri və adət-ənənələrinə dair video roliklər nümayiş etdirilərək, Bakıda keçiriləcək "Formula 1" yarışlarının təqdimatı keçirilib.

Azərbaycan və Qazaxıstanın dövlət himnləri səsləndirildikdən sonra Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Rəşad Məmmədov çıxış edərək, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, ölkəmizin dövlət müstəqilliyinin tarixindən danışdı. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət nəticəsində ölkəmizin müstəqilliyinin möhkəmlənməsindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar barədə geniş məlumat verib. Səfir həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində Azərbaycan dövlətinin atdığı addımlar və rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi haqqında da fikirlərini bölüşüb. Rəsmi qəbulda Qazaxıstan tərəfdən ali qonaq qismində Manqistau vilayət akimi (qubernatoru) Alik Serikoviç Aydarbayev çıxış edərək, Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu, bu gün bu əlaqələrin Azərbaycan və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyini qeyd edib. O, dəfələrlə Bakıda olduğunu, ölkəmizin nə qədər qədim tarixə malik olduğunu qeyd edərək, Manqistau vilayəti ilə ölkəmiz arasında bundan sonra da iqtisadi əlaqələr genişləndiriləcəyini, vilayətdə Azərbaycan iş adamları üçün biznes mühitinin daha da əlverişli olması üçün davamlı addımlar atılacağını bildirib. Alik Aydarbayev əlaqələrimizin bu gün Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyini bir daha mərasim iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir çərçivəsində, həmçinin xalqımızın musiqi alətlərindən tar və nağaranın təqdimatı keçirilərək, Azərbaycan diaspora üzvlərində professor Yusif Quliyev tərəfindən tarda xalq mahnıları, Samir Allahverdiyev tərəfindən nağarada Azərbaycan ritmləri, tələbə Şeyda Hadıyevanın ifasında "Sarı gəlin" mahnası təqdim edildi. Tədbirdə Qazaxıstan tərəfindən Aktau şəhərinin Dövlət İncəsənət məktəbinin tələbələrinin ifasında Qazax musiqiləri və rəqsləri qonaqlara təqdim olunub.

Tədbirin ikinci hissəsində Baş konsulluq tərəfindən dəvət olunmuş populyar müğənni, cazmen Cavan Zeynallı müasir Azərbaycan və dünya musiqilərindən nömrələr tədbir iştirakçılarına təqdim edib.

Tədbirdə qonaqlara Azərbaycanın milli mətbəxindən bir neçə növdə plov, dolma, qutab, kabab, müxtəlif şirniyyatlar və salatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə