Medvedevin İrəvan səfərinin NƏTİCƏLƏRİ

Medvedevin İrəvan səfərinin NƏTİCƏLƏRİ

"Ötən həftə Rusiyanın baş naziri Dmitri Medvedevin İrəvana səfərinin dolayı yolla Dağlı Qarabağla əlaqəsi var". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli sözügedən səfərin nəticələrini şərh edərkən deyib.

O bildirib ki, əslində Rusiya baş nazirinin səfərinin əsas məqsədi Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək olsa da, onun Ermənistan prezidenti Serj Sarkisyanla görüşdüyü deyilir: "Məlumatlara görə, onlar görüşdə Dağlıq Qarabağla bağlı kompromis yollarını müzakirə etməyə çalışıblar. Kompromislərin məzmunu xarakteri necə olacağı barədə ətraflı məlumat verilməsə də, görüşdə 5 rayonun geri qaytarılması haqqında fikir mübadiləsi aparıldığı bildirilir. Hazırda bunun həyata keçib-keçməyəcəyi haqqında fikir söyləmək çətindir. Amma Ermənistan prezidenti iyun ayında böyük Sülh sazişinin imzalanması məqsədilə başlayacaq prezidentlərin görüşündə Azərbaycan torpaqlarının geri qaytarılması haqqında təkliflərlə çıxış etməyə hazır olmalıdır. Əks təqdirdə, Vyana görüşü öz əhəmiyyətini itirəcək, Azərbaycan-Ermənistan münasibətləri yeni gərginlik səviyyəsinə qalxacaq".

Q. Hüseynlinin sözlərinə görə, nədənsə Ermənistan mətbuatında kompromislər haqqında danışılmır: "Hətta Robert Koçaryan Dağlıq Qarabağa gələrək bir qarış torpağı geri qaytarmaq olmaz mesajını verib. Vaxtilə praqmatik hesab etdiyimiz Levon Ter-Petrosyan da Dağlıq Qarabağa gələrək Azərbaycana qarşı yeni doktrinanın hazırlanması haqqında müxtəlif fikirlər irəli sürüb. Ümumiyyətlə, Ermənistan cəmiyyətində, sıravi xalq arasında müharibədən bezmək əhval-ruhiyyəsi olsa da, müəyyən millətçi təbəqələrdə torpaqların geri qaytarılması ilə bağlı ciddi tərəddüdlər, hətta etirazlar da var. Sarkisyan bu etirazları dəf edib, ölkəsini kompromisə hazırlamalıdır. Erməni xalqı başa düşməlidir ki, onlar başqa dövlətin torpağında yaşayırlar. Azərbaycan xalqının başına olmazın müsibətlər gətirən, 1 milyona yaxın insanın qaçqın və məcburi-köçkün olmasına səbəb olan Ermənistan hesabat verməlidir. Bu işə artıq Rusiya yox, Qərbin böyük dövlətləri də müdaxilə edir. Burada ABŞ və Almaniyanın mövqeyini xüsusi qeyd etmək lazımdır. Bu baxımdan artıq çıxılmaz vəziyyətdə olan Ermənistan gələcəyin doktrinası üzərində çalışmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə