Tanınmış erməni politoloqundan Sarkisyan hökumətinə ŞOK İTTİHAMLAR

Karapet Kalençyan: “Kim Kardaşyan və İveta Mukuçyan ölkəyə Ermənistan respublikası xarici işlər nazirliyimizdən, səfirliklərimizdən daha çox, özü də pulsuz xeyir verirlər”
Tanınmış erməni politoloqundan Sarkisyan hökumətinə ŞOK İTTİHAMLAR

"Artsaxda" (Qarabağda-red.) baş vermiş dördgünlük müharibədən sonra cərəyan edən hadisələr Ermənistanda və "artsaxda" vəziyyətin nə qədər ciddi olduğunu bir daha göstərdi. Ermənistanın hakim elitası qarşımızda dayanan xarici və daxili siyasətə adekvat cavab vermək gücündə olmadığını nümayiş etdirdi". SİA xəbər verir ki, bu fikirləri Ermənistanın strateji və milli araşdırmalar mərkəzinin direktoru, politoloq Karapet Kalençyan "armtoday" saytında verdiyi siyasi təhlilində qeyd edir.

Bütün ermənilər – istər ölkə daxilində, istərsə də Qərbdə yaşayanlar kifayət qədər əmin oldular ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı bələdçisi rolunu oynayır və ümumiyyətlə heç bir, hətta ən primitiv nişanəsi ola biləcək qədər müstəqillik nümayiş etdirmək istəmir və bunu etməyə qorxur. Hadisələri mərhələlərə bölən erməni politoloq ilk öncə qeyd edir ki, ermənilər qısamüddətli aprel müharibəsini uduzduqlarını etiraf etməlidirlər.

"Əgər Belarus, Qazaxıstan kimi ölkələr Ermənistana qarşıdırsa, Rusiya Azərbaycanı ən müasir silahlarla təchiz edirsə KTMT kimə və nəyə lazımdır?"

Karapet Kalençyan əlavə edib ki, Ermənistanın müdafiə və xarici işlər nazirliklərinin işlərinin nədən ibarət olması anlaşılmır: "Hər iki nazirlik mükəmməl binalara sahibdirlər. Hansı ki, hətta Qərb ölkələri onlarda bu cür nazirlik binalarının olmasını xəyal edirlər. Lakin mənası nədir? Müdafiə Nazirliyinin bütün infrastrukturu irinləyib. Dördgünlük müharibəyə qədər orduda əsgərlər və müddətdən artıq hərbi xidmətçilər öldürülərkən, yaxud onlar özünüöldürmə həddinə çatdırılarkən ictimai rəy və KİV-lər hər dəfə bu məsələni qaldırırdılar. Ancaq gözlənildiyi kimi, təqsirkarlar cəzasız qalırdılar. Bununla yanaşı, orduda "dedovşina" çiçəklənirdi və baş verənlər daha çox oğru dünyasını xatırladırdı..."

Müdafiə nazirliyində korrupsiya və kütləvi yeyintilərin də olduğunu deyən politoloq dördgünlük müharibənin hər şeyi üzə çıxardığını bildirib.

Ermənistanın xarici işlər nazirliyinin fəaliyyətini də ən sərt şəkildə tənqid edən erməni politoloq bir-birinin ardınca suallar ünvanlayıb: "Sual yaranır, ümumiyyətlə, XİN nə ilə məşğul olur? Bizə, sadə insanlara deyirlər ki, diplomatiya işi göründüyü kimi deyil. Hər şey titanik işlər aparılan kuluarlarda həll olunur. Bəs hansı aparılan bu kimi işlərin nəticəsi? Müharibə (dördgünlük-red.) zamanı XİN nə etdi? Nəticələr necədir? Əslində, nəticələr var. Belarus açıq şəkildə Azərbaycana dəstək göstərdi. Əlavə olaraq bu yaxınlarda o (Belarus-red.) yeni hərbi doktrina qəbul etdi ki, Belarus silahlı qüvvələri ölkədən kənar heç bir hərbi əməliyyatlarda iştirak etməyəcək. Bəs Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT-red.)? Onda KTMT ümumiyyətlə nəyə lazımdır? Əgər Belarus, Qazaxıstan kimi ölkələr Ermənistana qarşıdırsa, Rusiya isə "strateji tərəfdaş" olaraq, məqsədli və ardıcıl qaydada Azərbaycana müasir silahlar satırsa, Ermənistana isə nəninki silah vermir, o cümlədən, digər ölkələrdən almağa da qadağa qoyursa bütün bunlar nəyə gərəkdir? Bizim dövlət mövcud halla barışır, hətta yüksək templə KTMT-nin İrəvan akademiyasını tikir".

"Bu, ruslar üçün kifayət qədər normal informasiyadır və onlar həmin informasiyanı deyildiyi kimi qəbul edirlər"

Strateji və milli araşdırmalar mərkəzinin direktoru Avrasiya İttifaqı amilinə də toxunaraq onu tənqid atəşinə tutub. Kalençyan sual edib ki, Avrasiya İttifaqı Ermənistana nə verdi? Hanı XİN-in effektliyi ki, AŞPA sədri Pedro Aqramunt, eləcə də Avropa ölkələrinin yüksək rütbəli şəxsləri, ABŞ, Rusiya, KTMT üzvləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını tanıyırlar?

Üstəlik, Brüsseldə Sərsəng su anbarı barədə "antierməni" sənədi qəbul edilərkən ölkənin aparıcı politoloqları, xüsusilə Manvel Sarkisyan həmin vaxt demişdi ki, belə bir sənədin qəbul edilməsi Azərbaycan üçün hərbi əməliyyatlara başlamaq üçün kart-blanş rolunu oynadı. Belə də oldu. Bəs hansı XİN? Məgər orada bilmirdilər ki, sözügedən sənədin qəbulu üzrə iş gedir? Ermənistanın Avropanın bütün ölkələrində, MDB-də, Şimali, Cənubi Amerikada səfirlikləri, BMT-də isə nümayəndəliyi var və onların saxlanılması üçün erməni xalqı vergi ödəyir. Bəs hansı onların apardığı işlərin nəticəsi? Dördgünlük müharibə zamanı onlar nə etdiklərinin hesabatını versinlər.

Halbuki, Azərbaycanın Xarici İşlər Nazirliyi imkanlarından artıq iş görməyə nail olub. Azərbaycanın Rusiyadakı səfiri Polad Bül-bül oğlu rusiyalılara sübut edirdi ki, ermənilər müdafiə olunmağı belə bacarmırlar. Bizim üçün bu gülməli ola bilər. Ancaq ruslar üçün bu kifayət qədər normal informasiyadır və onlar həmin informasiyanı deyildiyi kimi qəbul edirlər.

Bəs bizim Rusiyadakı səfirimiz nə etdi? Belə bir təəssürat yaranır ki, əgər Ermənistanın xarici işlər nazirliyi olmasaydı, bu daha səmərəli olardı. Ən azından bu instansiyanın saxlanılması üçün pullar xərclənməzdi. Bunun yerinə isə böyük səmərə ilə silah alışı, müasir silahların hazırlanması üçün elmi layihələrin hazırlanması kimi işləri reallaşdırmaq olardı.

Kim Kardaşyan və İveta Mukuçyan isə ölkəyə Ermənistan respublikası xarici işlər nazirliyindən, səfirliklərimizdən daha çox, özü də pulsuz xeyir verirlər.

"Əgər prezident ermənilərin müasir ixtiralar etməyi bacarmadıqlarını, hətta bacarsalar belə ideyaların həyata keçirilməsinə izn verməyəcəklərini deyirsə…"

Kalençyan Ermənistanın elmlər akademiyasının prezidenti Radik Martirosyanı isə xəyanətkar adlandırıb: "Elmlər akademiyasının prezidenti Radik Martirosyanının bəyanatı isə ümumiyyətlə ağıllara yerləşmir. Bu, birbaşa satqınçılıqdır. Əgər belə bəyanatlar verilirsə, onda eləmlər akademiyası nəyə lazmdır? Əgər prezident ermənilərin müasir ixtiralar etməyi bacarmadıqlarını, hətta bacarsalar belə ideyaların həyata keçirilməsinə izn verməyəcəkləribi deyirsə, onda elmlər akademiyasını buraxmaq və oradakı bütün resursları yeni texnologiyaların inkişafına yönəltmək lazımdır..."

"Dövlət başqalarının maraqlarını, yadların iradələrini təmin edən nökərə çevrilib"

Təhlininin sonuncu mərhələsində erməni siyasi araşdırmaçı bildirib ki, dördgünlük müharibə ermənilərin daha bir reallığının mühüm aspektini ortaya çıxarıb. "Bu, Ermənistanda geniş şəkildə şaxələnmiş və hakimiyyətin dəhlizlərinə qədər müdaxilə etmiş, xalqın, dövlətin maraqlarına qarşı xarici ölkələrin maraqlarını uğurla təmin emiş beşinci kolondur"-deyə qeyd edən politoloq bildirib ki, müharibə şəraitində buna açıq satqınçılıq deyirlər və belə addıma gedənləri müharibə qanunlarına görə cəzalandırılırlar.

"Bu gen beşinci kolonla birgə inkişaf edərək irəliləmək qeyri-mümkündür. Dövlət başqalarının maraqlarını, yadların iradələrini təmin edən nökərə çevrilib. Azad və adekvat qərarlar vermək, nəticəyə gəlmək kimi bacarıqlar bilavasitə məhv olunur. Bunlardan Baltikyanı ölkələr, Gürcüstan, Ukrayna kimi ölkələr keçiblər. Lakin onlar özlərində əzmkarlıq taparaq, beşinci kolonun inkişafının qarşısını almağı bacarıblar. Dördgünlük müharibə kontrast işıqda bütün bu problemləri üzə çıxardı.

Yuxarıda verilən suallar isə açıq, tərəddüdsüz qərarların, cavabların verilməsini tələb edir. İctimaiyyət gözləyir. Hər gün əsgərlərimiz ölür və onlar öz həyatları bahasına cinayətkar hakimiyyətin yerinə cavabdehlik daşımalı deyillər. Bu barədə hər kəs bilməlidir…" –deyə Karapet Kalençyan deyib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə