3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər qısaldılmış iş vaxtı ilə işləyəcək

3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər qısaldılmış iş vaxtı ilə işləyəcək

Azərbaycanda 3 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlərə də qısaldılmış iş vaxtı rejimi şamil edilə bilər. SİA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı Əmək Məcəlləsinə yeni dəyişikliyin edilməsi təklif edilib.

Məcəllənin hazırkı variantına əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və I, II qrup əlil olan işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır. Məcəlləyə dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə əsasən isə qısaldılmış iş vaxtı yuxarıda adı sadalanan kateqoriyadan olan insanlarla yanaşı, 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə də şamil olunacaq. Layihədə qeyd edilir ki, belə valideynlər üçün qısaldılmış iş vaxtının müddəti həftə əzində 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsinə təklif olunan dəyişiklik iş şəraitinin ailə öhdəlikləri ilə uzlaşdırılması üçün onlara qısaldılmış iş vaxtının müəyyən edilməsi və bu zaman əmək haqqının bütöv saxlanılması, uşağa qulluqla bağlı problemlərinin qismən də olsa həll edilməsi məqsədi daşıyır.

Müzakirələr zamanı çıxış edən millət vəkili Fazil Mustafa 3 yaş həddinin məktəbəqədər yaş həddinə qaldırılması təklifi ilə çıxış edib. O bildirib ki, bəzən uşağını təkbaşına böyüdən valideyn uşağını bağçaya qoya bilmir və həmin uşaqlara qayğı lazım olur: "Belə ailələrin vəziyyəti nəzərə alınaraq yaş həddinin 6 yaşa qədər artırılması daha doğru olardı".

Müzakirələrdən sonra dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə