Aydın Mirzəzadə: “Ermənistan provokasiyalarının cavabını alacaq” MÜNASİBƏT
"Tərtərin Əskipara kəndində Ermənistan ordusunun atdığı ağ fosfor bombasının aşkarlanması onu göstərir ki, işğalçı ölkə artıq ciddi çaşqınlıq içindədir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Ermənistan bütün sivil mübarizə formalarından imtina edərək, bu gün Azərbaycana qarşı çox böyük azğınlıqla mübarizə aparmağa çalışır: "Düşmən tərəfi işğal olunmuş torpaqları işğalda saxlamaq üçün hətta qadağan olunmuş silahlardan da istifadə edir. Məqsəd isə Azərbaycanın da bu silahdan istifadə etməsidir ki, Ermənistan sonra bu məsələdən beynəlxalq aləmdə rəsmi Bakının qadağan olunmuş silahdan istifadə etməsi barədə təbliğatına yol açsın. İkincisi isə cəbhə xətti yaxınlığında yaşayan insanlar arasında qorxu yaradaraq onların da qaçmasını arzulayır. Cəbhənin erməni hərbiçiləri tərəfindən 100 km-lərlə məsafədə yerli əhali yaşamır. Azərbaycan tərəfdə isə insanlar öz dədə-baba torpaqlarını qoyub qaçmaq istəmir. Azərbaycan bu məsələni çox ciddiyə alır. Artıq bununla bağlı beynəlxalq ictimaiyyət məlumatlandırılır və müvafiq tədbirlər görülür".
A.Mirzəzadə əlavə edib ki, bu gün ölkəmizdə akkreditasiya olunmuş 11 xarici ölkə səfirliyindən 20 nəfər hərbi atteşesi artıq həmin yerdə olaraq mərmi ilə tanış olublar: "Yəni bütün bunlar hamısı Ermənistanın ciddi provokasiyaya getdiyini, rəsmi İrəvanın artıq heç bir beynəlxalq hüquq və insani normalarını tanımadığını göstərir. Amma Ermənistan unudur ki, Azərbaycan özünün suveren hüquqlarını ən yüksək səviyyədə qorumaq əzmindədir. Beləcə Ermənistan bu provokasiyalarının on qat cavabını alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB