Erməni vəhşiliyinin daha bir nümunəsi ağ fosfor bombası

Erməni vəhşiliyinin daha bir nümunəsi ağ fosfor bombası

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur. Bütün bu qətnamələrə məhəl qoymayan Ermənistan Azərbaycan mövqelərini atəşə tutmaqla yanaşı mülki əhaliyə ziyan vurmaqdan əl çəkmir. Aprelin əvvəlində cəbhədə baş verənlər nəticəsində yüzlərlə mülki insana ziyan vuran düşmən ordusu görünür vəhşi xislətindən əl çəkmək istəmir. Buna daha bir sübut mayın 10-da beynəlxalq konvensiyalarla qadağan olunmuş təhlükəli hərbi sursatdan istifadə faktıdır.

Ötən gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisinə ermənilərin atdığı, beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş partlamamış hərbi sursat - 1 ədəd 122 mm-lik top mərmisi (kimyəvi tərkibli, ağ fosforlu) aşkarlanması ilə bağlı məlumat yaymışdı.

Bu gün isə faktı ilə bağlı Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhənin Tərtər rayonuna səfər edərək Əskipara kəndində olublar. 11 ölkədən 20-dək hərbi attaşe mayın 10-da Ermənistan silahlı qüvvələrinin ağ fosfor bombası atdığı əraziyə baxış keçiriblər.

Erməni silahlı bölmələri bu tip mərmilərdən təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə deyil, həmçinin yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı da istifadə edirlər.

Bu gün həmçinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirən ATƏT nümayəndələri də Tərtər rayonunun Əskipara kəndində ermənilərin atdığı, istifadəsi qadağan edilmiş top mərmisinin düşdüyü əraziyə gediblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler sözgedən ağ fosfor bombası faktı ilə yaxından tanış olub.

Qeyd edək ki, bu tip mərmilər partlayan zaman 15-20 metr radiusda ətrafa səpələnməklə yanaşı, zəhərli tüstü buludu yaradır ki, bu da bütün canlı orqanizmlər üçün ciddi təhlükə mənbəyidir. Ağ fosfor bərk, mumşəkilli, zəhərli maddədir (onun 0,1 mq-ı insan üçün öldürücü dozadır). Onun alışma temperaturu 34 dərəcədir, yanan zaman isə 900-1200 dərəcəyədək istilik vermək qabiliyyətinə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə