Ümummilli Liderin 93-cü ildönümü Heydər Əliyev adına Liseydə qeyd olunub SƏS TV
Bu gün Xətai rayonunda yerləşən Heydər Əliyev adına Liseydə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdullayeva, YAP Siyasi şurasının üzvü "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, lisey kolektivi və digər şəxslər iştirak ediblər. Öncə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, Dahi şəxsiyyətin ruhu qarşısında hörmət və ehtiramlarını bildiriblər.
Qonaqlar "Cənnət görmək istəyən, Azərbaycana gəlsin" adlı respublikanın müxtəlif bölgələrini özündə canlandıran sərgiyə baxış keçiriblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıq elan edilib. Heydər Əliyev adına Liseyin direktor əvəzi Umud Babaşov qonaqları salamlayaraq, belə bir Dahi şəxsiyyətə həsr olunmuş tədbirdə iştirak etdiklərinə görə onlara öz təşəkkürünü bildirib.
Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdullayeva Ümummilli Lider Heydər Əliyevin Vətən, xalq qarşısında əvəzolunmaz və unudulmaz xidmətlərindən söz açıb: "Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə ikinci dəfə qayıdışı ilə Azərbaycanı bəlalardan xilas edərək dirçəldib, inkişafının təməlini qoyub. Bu gün bu şərəfli iş Dahi şəxsiyyətin layiqli davamçısı, Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşına xarizmatik, unikal, fenomenal şəxsiyyət, qurucu və xilaskar kimi əbədi həkk olunub. Günü-gündən gözəlləşən, çiçəklənən Azərbaycan Ulu Öndərin şah əsəridir. O böyük insan hər bir azərbaycanlının qəlbində əbədiyaşar şəxsiyyət olaraq hər zaman var olacaq".
Çıxış edən "İki sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə Ümummilli Lider Heydər Əliyevin bəşər tarixində özünəməxsus yeri və rolu olduğunu söyləyib. O bildirib ki, Ulu Öndərin doğum tarixi olsa da, onun ölüm tarixi yoxdur. Heydər Əliyev ideyaları, irsi onun özü kimi əbədiyaşardır, onun yaratdığı müstəqil və güclü Azərbaycan dövlət dünyada layiqli yerini bundan sonra da tutacaq.
Vüqar Rəhimzadə xüsusilə vurğulayıb ki, Ulu Öndər hər zaman hər bir işində Azərbaycan vətəndaşlarını düşünüb: "Onun xalqın təkidi ilə hakimiyyətə qayıdışı Azərbaycan üçün qurtuluş oldu. Dahi şəxsiyyət ölkəmizi bütün bəlalardan xilas etdi, insanların sabaha olan inamını özünə qaytardı, xilaskarlıq missiyası kimi şərəfli işi layiqincə yerinə yetirdi. Hakimiyyətə qayıdışı ilə Ulu Öndər bütövlükdə sabitliyi bərpa etdi, bütün sahələrdə tərəqqi başlandı. Bu gün Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan inkişafdadır, güclənir və çiçəklənir".
"Səs" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxış edərək, Ulu Öndərin adını daşıyan Liseyin hər zaman öz uğurları ilə fərqləndiyini bildirib və bu liderliyin də Dahi şəxsiyyətin adına layiq şəkildə belə davam edəcəyinə əminliyini ifadə edib. Qeyd edib ki, Ümummilli Lider Dahi və bütün dünyanın qəbul etdiyi fenomenal şəxsiyyət olduğundan hər kəsin onun haqqında fikirləri var: "O, peşəsindən asılı olmayaraq, hər bir insana özünəməxsus davranış tərzi ilə yanaşır və o peşənin mahir bilicisi kimi yüksək səviyyədə ünsiyyət qura bilirdi. Ən böyük ehtiramı müəllimlərə qarşı sərgiləyən Ulu Öndər bu müqəddəs peşə sahiblərinə qarşı hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb. Azərbaycanda xaosun, özbaşınalığın, anarxiyanın hökm sürdüyü dövrdə Ulu Öndər hakimiyyətə qayıdış edərək xilaskarlıq missiyası kimi ağır işi öz çiyinləri üzərinə götürdü, möhkəm təməllər üzərində müstəqil Azərbaycan dövlətini qurdu. Bütün bu işləri xalqının inamına söykənərək etdi və ən ağır günlərində də xalqının yanında oldu. Dünya miqyaslı liderlərin belə hesablaşdığı, müəllimi hesab etdiyi Dahi şəxsiyyəti kiçik dövlətin böyük sərkərdəsi adlandırırdılar. Ümummilli Liderin Azərbaycan qarşısında ən böyük xidməti isə Cənab Prezident İlham Əliyev kimi yüksək intellektli, uzaqgörən və hər gördüyü işlə ölkəni daha da irəliyə aparan Lider yetişdirmək olub. Ulu Öndərin "Mən ona özüm qədər inanıram. Mənim başa çatdıra bilmədiklərimi o reallaşdıracaq" fikirləri Cənab Prezidentimizə dərin inamının bariz nümunəsidir".
Tofiq Abdulla
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB