Əbülfəs Qarayev:" Bakı Bəyənnaməsi gələcək işlərimizə yol açacaq"

Forum başa çatdı

"İlk növbədə Azərbaycan hökuməti adından forumun Bakıda keçirilməsi ilə bağlı qərar verən şəxslərə təşəkkür edirəm. Bu qərar Azərbaycanda tolerantlığın şəhadəti idi". SİA-nın xəbərinə görə, bu fikirləri mədəniyyət və turizm naziri, BMT SA-nın 7-ci Qlobal Forumun Milli Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev forumun bağlanış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, forumun yüksək səviyyədə keçməsində Prezident İlham Əliyevin böyük rolu var: "Dövlət başçısı tədbirin yüksək şəkildə təşkil olunması üçün bütün yükü öz çiyninə götürmüşdü. Ümumiyyətlə, Azərbaycan prezidentinin gördüyü işlər nəticəsində ölkəmiz böyük uğurlar əldə edib".

Forumda 147 ölkədən 1500 nümayəndənin qatıldığını dilə gətirən nazir bildirib ki, 4300 nəfər qeydiyyatdan keçib: "Bura könüllüləri də əlavə etsək, o zaman ümumilikdə forumun 6000 iştirakçısı olduğunu görə bilərik. Tədbirə 120 rəsmi nümayəndə heyəti 800 üzvü ilə qatılıb. Forumda iştirak edən bütün ölkə nümayəndələrinə minnətdarlığımı bildirirəm. Arxada qalan 3 gün ərzində 40-a yaxın paneldə müxtəlif müzakirələr aparılıb. 160 çıxışda müxtəlif fikirlər səsləndirilib".

Ə.Qareyev forumda Bakı Bəyənnaməsinin qəbul olunduğunu xüsusi vurğulayaraq söyləyib ki, bu sənəd gələcək inkişafımızı özündə əks etdirir: "Bakı Bəyannaməsi siyasi sənəd olaraq gələcək işlərimizə yol açacaq. Forumda mətbuat nümayəndələrinin də böyük rolu olub. Tədbirdə 120 KİV nümayəndəsi qeydiyyatdan keçib. Onların hər birinə forumu geniş işıqlandırdığına görə təşəkkür edirəm. Əlbəttə təkcə 3 gün deyil, bundan qabaq da forumla bağlı geniş məlumatlar yazılırdı. Hesab edirəm ki, forumla bağlı yazılar bundan sonra da davam etdiriləcək. Saytlarda 3500-dən çox məlumat çap edilib. Bu, bizim ümumi müvəffəqiyyətimizdir. Biz komanda olaraq işləyib müsbət nəticələr əldə etmişik. Forumun təşkilində Ölkə başçısı başda olmaqla, bütün nazirliklər və rəsmilərin böyük fəaliyyəti var. Tədbirdə iştirak edən hər kəsə təşəkkür edirəm. Bakı prosesi hər zaman yadda qalacaq. Hər birinizi Heydər Əliyev Sarayında keçiriləcək bədii gecəyə dəvət edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...