"ATƏT Qarabağ problemi ilə ciddi məşğul olmalıdır" Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyanla bu gün keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Rusiya xarici siyasət idarəsinin rəhbəri son günlər Azərbaycan-Ermənistan təmas xəttində gərginliyin daha da artmasından narahat olduğunu bildirib. O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin şəxsən hərbi əməliyyatların dayandırılmasına çalışıb.

O, bununla yanaşı Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanmasına tərəfdar olduğunu diqqətə çatdırıb: "Münaqişənin nizamlanması ilə bağlı tapşırıqlar ATƏT-ə verilib və və indi alman sədrinin bu məsələ ilə ciddi məşğul olmasını istəyirik".

Sergey Lavrov həmçinin qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların davam etdirilməsində əlindən gələn köməyi əsirgəməyəcək: "Biz amerikalı, fransalı həmsədrlərə bu məsələdə kömək etməyə çalışırıq və bundan sonra da çalışacağıq. Mövqeyimiz vahiddir. Düşünürük ki, ATƏT-in həmsədrləri əsas funksiyanı yerinə yetirməkdə davam etməlidir. Bu, tərəfləri əsas problemdən uzaqlaşdıracaq, təhlükəsizliyi təmin edəcək, siyasi proses üçün şərait yaradacaq.

Biz tərəflərin etimadını qazanmayacaq digər hər hansı variantı dəstəkləmirik. "- deyə Sergey Lavrov qeyd edib. (report)

Bütün xəbərlər Facebook səhifəmizdə