Deputat: “Forum ölkəmizin nüfuzunu daha da artıracaq”

"BMT-nin Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun Azərbaycanda keçirilməsi çox əhəmiyyətli bir hadisədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, müstəqillik illərində mühüm nailiyyətlərə imza atan Azərbaycan məqsədyönlü siyasəti ilə beynəlxalq münasibətlər sistemində layiqli yerini tutub: "Vll Qlobal Forumda dünyanın 150 ölkəsindən 3000 nəfərdən çox adamın iştirakı nəzərdə tutulub. Onların arasında dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət və ictimai xadimlər, nazirlər, nüfuzlu beynəlxalq qurumların, dünyada tanınmış beyin mərkəzlərinin rəhbərləri, diplomatlar, elm adamları və digər şəxslər var. Bütün bunlar Azərbaycana verilən yüksək qiymətin təzahürüdür".

Forumda Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibi kimi giriş nitq söyləyəcəyini qeyd edən millət vəkili bildirib ki, ölkəmizə gələn qonaqlar ölkəmizlə daha yaxından tanış olacaqlar: "Forum iştirakçıları Azərbaycanın tolerant ölkə, multikulturalizm məkanı olduğunu öz gözləri ilə görəcəklər. Bundan əlavə, beynəlxalq tədbirdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi konkret faktlarla iştirakçıların diqqətinə çatdırılacaq. Burada BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin olduğu yada salınacaq. Bütün bunlar Azərbaycan üçün önəmli və vacibdir".

F. Ağamalı qeyd edib ki, artıq Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır: "Forum zamanı bütün diqqət məhz Azərbaycana yönələcək. Son illər ölkəmizdə beynəlxalq forumların keçirilməsi artıq ənənə halına çevrilib. Azərbaycan bu cür beynəlxalq tədbirlərə ev sahiblik etməklə ölkəmizin təkcə idman və ya musiqi yarışlarına deyil, eləcə də hər cür beynəlxalq tədbirləri yüksək səviyyədə həyata keçirmək imkanına malik olduğunu bir daha göstərmiş olur. Hesab edirəm ki, BMT-nin Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha artıracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...