Tahir Rzayev: “Qan tökülməsinə yol verməməliyik” AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi hər bir müşavirə, iclas dəyərlidir. Çünki bu bilavasitə ölkənin sosial, iqtisadi, ictimai həyatında baş verən hadisələri əks etdirir və ona qiymət verir. Əgər müəyyən nöqsanlar varsa, o nöqsanlar barədə əhaliyə məlumatlar çatdırır. Prezidentin keçirdiyi son müşavirə də öz əhəmiyyətinə görə çox əhəmiyyətlidir. Ona görə ki, biz bu iclası az öncə cəbhədə baş verən uğurlarımızdan sonra keçirirdik". Bunu SİA-ya millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, Azərbaycan əraziləri hələ də işğal altındadır: "1988-ci ildən etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayıb. Amma erməni hərbiçiləri Azərbaycan ərazilərini tərk etmirlər. Hətta bu barədə müxtəlif sənədlər (BMT TŞ-nın 4 qətnaməsi) var. Heç kimə sirr deyil ki, Ermənistan hakimiyyəti buna əməl etmir. Belə bir zamanda iclas keçirilirdi. İnsanlar həm həyəcanlı idi, həm də onlarda böyük ruh yüksəkliyi var idi. Azərbaycan ordusu bir çox strateji əhəmiyyətli yüksəklikləri ermənilərdən azad etdi. Beləcə düşmənə ağır zərbə vurulmuşdu.

Deputat əlavə edib ki, ölkə rəhbəri də Azərbaycan ordusunun nailiyyətlərini çox yüksək qiymətləndirdi: "Prezident qətiyyətli şəkildə bildirdi ki, Azərbaycan torpaqları mütləq işğaldan azad olunacaq. Ordumuz bu gün düşmənə qalib gəlmək əzmindədir. Ancaq biz beynəlxalq təşkilatları eşitməliyik. Müharibəyə və qan tökülməsinə yol verməməliyik. Biz müharibəni dinc və danışıqlar yolu ilə həll etmək əzmindəyik. Dövlət başçısı bildirdi ki, atəşkəs yenidən bərpa olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə