Ziyad Səmədzadə: "Münaqişə öz həllini tapmalıdır"

Ziyad Səmədzadə: "Münaqişə öz həllini tapmalıdır"

"Başda dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Azərbaycan xalqı və ordumuzun növbəti dəfə erməni təxribatına layiqli cavab verməsi hamımızı sevindirir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, ordumuzun uğurlu hərbi əməliyyatları hər bir kəs, bütövlükdə Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir: "Ümumiyyətlə, dövlət başçısının bu istiqamətdəki siyasəti xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. Son günlər buna bir daha şahid olduq. Bütün müəssisə və kollektivlərdə, təhsil ocaqlarında Azərbaycan dövləti, ordumuz tərəfindən atılan addımlar dəstəklənir. Hesab edirik ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, erməni qəsbkarları işğal olunmuş torpaqlardan geri çəkilməlidir".

Komitə sədri söyləyib ki, münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesi gedir, atəşkəs rejimi yenidən bərpa olunub: "Bunlarla yanaşı, biz yenə də ayıq-sayıq olmalıyıq. Artıq münaqişə öz həllini tapmalıdır, sülh danışıqları öz nəticəsini verməli, erməni işğalçıları işğala son qoyaraq, torpaqlarımızdan birdəfəlik geri çəkilməlidir. Eşq olsun, ordumuza! Allah bütün şəhidlərimizə rəhmət etsin, onların əzizlərinə, bütövlükdə Azərbaycan xalqına səbr diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə