Politoloq: "Ermənistan hiyləgər dirənmə mövqeyinə davam etsə..." ŞƏRH

"Bu gündən etibarən Azərbaycan ilə Ermənistan arasında müddətsiz atəşkəs imzalanıb. Atəşkəs bir çoxumuzu narahat edib. Çünki vətəndaşlarımız qanımızın bahasına da olsa torpaqlarımızın geri alınmasını arzulayır. Lakin mövcud vəziyyətdə şərtli və müddətsiz atəşkəsin bağlanması düşünüldüyü kimi ölkəmizin əleyhinə deyildir". Bu fikirləri SİA-ya politoloq Fərhad Mehdiyev Azərbaycanla Ermənistan arasında atəşkəsin elan olunmasını şərh edərkən deyib.

Politoloq bildirib ki, bu atəşkəs şərti bir atəşkəsdir: "Onun da şərti ondan ibdarətdir ki, ermənilər çəkildikləri mövqelərindən hücuma keçməsinlər. Atəşkəsin müddətsiz olması da o deməkdir ki, Azərbaycan hər an hərbi əməliyyatları bərpa edə bilər. Əməliyyatlar sırasında məlum oldu ki, Azərbaycan xalqının döyüş əzmi olduqca yüksəkdir. Habelə ermənilər anladılar ki, zəbt elədikləri torpaqlarda istədikləri kimi yaşaya bilməyəcəklər. Azərbaycanı qarət etməklə illərlə qurduqları hər şey bir gün başlarına uçacaq. Həm ATƏT, həm də Ermənistan bizimlə razılaşmalı olduqlarını gördülər. Kerri, Lavrov və onların fransalı həmkarları "səylərin gücləndirməsi barədə razılığa gəlmələri" onların bu reallığı gördükləri mənasına gəlir. Lakin bu dəfə Azərbayacan tərəfi onların oynuna gəlməyəcəkdir. Onlar Ermənistana, torpaqlarımızı boşaldılması üçün real təzyiq göstərəcək. Yox əgər Ermənistan hiyləgər dirənmə mövqeyinə davam etsə, hərbi əməliyyatlar yenə başlayacaqdır. Ermənilərin bizim rayonlarımızı boşaltmaları əslində onların xeyrinədir. Çünki bu durumda Azərbaycan tərəfi onların bu jestinə xoşniyyət olaraq Dağlıq Qarabağın müəyyən muxtariyət dərəcəsinə razılıq verəcəkdir. Ruslar da onları belə bir varianta məcbur edə bilər. Ruslar sonsuzadək erməniləri qoruya bilməyəcəklərini artıq anlayır. Əks halda "puppet" dövlət olan Ermənistanın gələcəyi sual altına düşəcəkdir".

Fərhad Mehdiyev həmçinin onu da vurğulayıb ki, danışıqlar masasına qayıtmağımızın bizim üçün mənfi və müsbət cəhətləri olacaq: "Mənfi cəhətlər arasında, vaxtın uzanması, Dağlıq Qarabağda ermənilərin qalması, müsbət cəhət isə itkilərimizin az olması olacaq. Lakin görsənən budur ki, xalqımız öz qanı bahasına, Dağlıq Qarabağı birbaşa erməni işğalından azad etmək üçün can atır. Bu səbəblə kompromisə getmək birinci dərəcədə bizim yox, ermənilərin marağına xidmət edir. Vətəndaşlarımıza səbrli olmağı, müharibəyə hər an hazır olmalarını və bu məsələdə Prezident İlham Əliyevə etimad etmələrini tövsiyyə edərdim. Heç şübhəsiz ki, beynəlxalq və regional konyukturanı yaxşı bilən ölkə rəhbərliyi, ən az bizim qədər torpaqlarımızın qaytarılmasını arzu edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə