Ölkəmizdə səfərdə olan İsveç Krallığının fövqəladə və səlahiyyətli səfiri xanım İnqrid Tersman aprelin 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun müşayiəti ilə ölkəmizdəki məcburi köçkünlərin real vəziyyəti ilə yerində tanış olmaq məqsədilə Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanasında və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış məhəllədə məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların həyat şəraiti ilə yerində tanış olub. Komitədən SİA-ya verilən məlumata görə, əvvəlcə Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanasında olan qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində ölkəmizin üzləşdiyi 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi, bu problemin həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi geniş tədbirlər barədə məlumat verilib.
Sonra diplomat yataqxanadakı şəraitlə tanış olmuşdur. Təəssüratlarını bölüşən diplomat buradakı acınacaqlı vəziyyətdən təəssüfləndiyini bildirib. Məcburi köçkün həyatının nə demək olduğunu gözəl anladığını diqqətə çatdıran qonaq problemin tezliklə həllinin, bu şəraitdə yaşayan insanların doğma ocaqlarına qaytarılmasının vacibliyini bildirib.
Xanım diplomata bildirilib ki, hələ də bu cür ağır şəraitdə yaşayan məcburi köçkünlərimiz var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına, ona edilmiş Əlavələrə uyğun olaraq onların da sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilməkdədir.
Sonra səfir Abşeron rayonunun Masazır qəsəbəsində, 760 məcburi köçkün ailəsi üçün salınmış məhəlləyə gəlmişdir. Qonaqlar məhəllədəki 33 nömrəli orta məktəbdə şagirdlərin təhsil almaları üçün yaradılmış şəraitlə maraqlanıb. Qeyd edilib ki, 540 şagird yerlik məktəbdə yüksək təhsil üçün hər cür şərait yaradılmışdır. Qonaqlar məktəbin kompyuter otağına baxıb, tədris prosesi ilə də tanış olmuşlar. Sonra səfir məhəllədə tikilmiş 280 yerlik uşaq bağçası ilə də tanış olub. Məlumat verilib ki, bağça balacaların təlim-tərbiyəsi üçün zəruri avadanlıqla təchiz edilib.
Xanım İnqrid Tersman buradakı məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə də maraqlanmış və Zəngilan rayonundan məcburi köçkün Vəli Quliyevin mənzilində yaradılmış şəraitlə də tanış omuşdur. Ev sahibi məhəllədə məcburi köçkünlər üçün yaradılmış yüksək şəraitdən danışıb, ən böyük arzularının doğma yurdlarına qayıtmaq olduğunu diqqətə çatdırıb. Qaçqın və məcburi köçkün probleminin hələ də davam etməsindən təəssüfləndiyini bildirən diplomat məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmağın onun üçün mühüm önəm kəsb etdiyini diqqətə çatdıraraq deyib ki, münaqişənin tezliklə həlli insanların doğma torpaqlarına geri qayıtmalarına, onların dözülməz həyat şəraitinə son qoyulmasına imkan yaradacaq. Bunun üçün də məsələ ilə məşğul olan ölkələr və beynəlxalq təşkilatlar öz səylərini artırmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB