Azərbaycan-ABŞ münasibətlərinə YENİ BAXIŞ

Azərbaycan-ABŞ münasibətlərinə YENİ BAXIŞ

Dünyada təhlükəsizliklə bağlı məsələlərin ön sıraya çıxdığı bir vaxtda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına səfəri kifayət qədər əhəmiyyətli məqamlara söykənir. Belə ki, ölkə başçısının ABŞ prezidenti Barak Obamanın dəvəti ilə sammitdə iştirak etməsi sözügedən məqamlarda ilk yeri tutmaqdadır. Ümumiyyətlə, Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammitindəki iştirak ilk növbədə Azərbaycanın beynəlxalq arenadakı yüksək nüfuzunun göstəricisidir. Sammitdə Azərbaycanın beynəllxalq təhlükəsizlik faktorunda gördüyü işlər və qarşıda duran vəzifələrə diqqət yetirilir ki, bu da orada aparılan danışıqlar nəticəsində ikitərəfli münasibətlərin inkişafı ilə bağlı irəliyə doğru addımların atılacağından xəbər verir. Həmçinin sammitin aparıcı nüanslarının əsasını təşklil edir. Bu baxımdan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ-a dəvət olunması və orada irəli sürdüyü mümühm bəyanatları əlamətdar hadisə kimi qiymətləndirilir. Ölkə başçısının Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşündə vurğulayıb ki, Azərbaycan dövləti ABŞ-la ikitərəli münasibətlərə yüksək dəyər verir və Nüvə Təhlükəsizliyi Sammitinə dəvəti dostluq, tərəfdaşlıq əlaməti kimi qəbul edir: "ABŞ-Azərbaycan münasibətlərinin artıq 25 illik uzun tarixi var. Bu münasibətlər həmişə sıx, səmimi olmuşdur, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatmışdır. Aramızda fəal siyasi dialoq mövcuddur". SİA-ya mövzu ilə bağlı açıqlama verən millət vəkilləri vurğulayıblar ki, beynəlxalq təhlükəsizliyin ən mühüm hissəsi məhz nüvə təhlükəsizliyidir. Amma burada dünya birliyinə mesaj veriləcək digər məsələlər də var. Xüsusilə, Azərbaycan ərazi bütövlüyü ilə bağlı problemlərini növbəti dəfə həm dünya ictimai rəyinə, həm də Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlətlərin nəzərinə çatdırmaq imkanı əldə edib.

Aydın Mirzəzadə: "Səfər Azərbaycan-ABŞ münasibətlərinin möhkəmlənməsinə xidmət edir"

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi bir daha Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir: "Tədbirdə iştirak edən ölkələrin böyük əksəriyyəti inkişaf etmiş Avropa ölkələridir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan bu gün apardığı uğurlu xarici siyasəti, iqtisadiyyatı ilə istənilən beynəlxalq tədbirdə arzuolunan qonaqdır. Eyni zamanda bu səfər Azərbaycan-ABŞ münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Tədbir ərəfəsində çox sıx qrafikə baxmayaraq Azərbaycan prezidenti İlham Əliyev ilə ABŞ dövlət katibi Con Kerrinin görüşü baş tutdu. Görüş çərçivəsində Azərbaycan-ABŞ münasibətləri hərtərəfli analiz edilərək, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu, regionun stabilləşməsinə verdiyi töhfə bir daha diqqətə çatdırıldı. ABŞ Azərbaycanda demokratik mühiti, insan haqlarının qorunması istiqamətində görülən işləri yüksək dəyərləndirdi. Eyni zamanda cənab Prezidentimiz Dağlıq Qarabağ problemi ilə bağlı vəziyyəti ABŞ rəhbərliyinə çatdırdı. Əlbəttə ki, dünyada gedən proseslərdə aktiv iştirak edən ABŞ Ermənistanın Azərbaycan torpqaqlarını işğal etməsinə biganə qalmayacaq. Ümumən götürdükdə səfər Azərbaycan-ABŞ münasibətlərinə yenidən nəzər salmağı və Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini yenidən gündəmə gətirmiş oldu.

Rövşən Rzayev: "ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsinə yenidən nəzər salacaq"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev qeyd edib ki, Prezidentin ABŞ səfəri Azərbaycan üçün olduqca vacibdir: "Azərbaycanın potensiallı ölkə kimi dünyanın güclü dövlətləri ilə əlaqələrini genişləndirməsi müsbət hal kimi dəyərləndirilir. Xüsusilə də dünyanın aparıcı dövlətlərindən olan Amerika Birləşmiş Ştatları ilə. Azərbaycanla-ABŞ-ı həm strateji, həm də iqtisadi maraqlar birləşdirir ki, bu da bölgənin təhlükəsizlii məsələsində öz müsbət rolunu oynamaqdadır. Enerji layihələrində aparılan işlərin də böyük əksəriyyətinin ABŞ tərəfindən dəstəklənməsi dövlətimiz üçün vacib amildir. Ona görə düşünürəm ki, Azərbaycan bu əlaqələrin geniş müstəvidə inkişaf etdirilməsində maraqlıdır. Məlumdur ki, Azərbaycan həmçinin ABŞ-la regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdır və Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz dəstəyini verir. ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında öz fəaliyyətinə yenidən nəzər salacağı da səfər çərçivəsində söylənən fikirlərindən açıq şəkildə sezilir. Bütün bunlar onu deməyə əsas verir ki, dövlətimiz apardığ düzgün xarici siyasətiylə dünya arenasında yerini və rolunu möhkəmləndirməyə nail olur".

Bütün xəbərlər Facebook səhifəmizdə