İtkin düşmüş təyyarənin qırıntıları tapılıb

İtkin düşmüş təyyarənin qırıntıları tapılıb

Avstraliyalı mütəxəssislər Mozambik sahillərində tapılan və iki il bundan əvvəl Hind okeanında itkin düşmüş "Malayziya Hava Yolları"na məxsus təyyarəyə aid olduğu güman edilən qırıntıların analizinə başlayıblar. SİA xəbər verir ki, bu barədə Avstraliya Nəqliyyatda Təhlükəsizlik Bürosu (ANTB) məlumat yayıb.

Kanberradakı laboratoriyalardan birində aparılan eyniləşdirmə və analiz işlərində, həmçinin malayziyalı mütəxəssislər, "Boeinge" şirkətinin nümayəndələri və Avstraliya Universitetinin ekspertləri də iştirak edirlər.

Qırıntıların təmizlənməsi üçün istifadə edilən suyun da makrofaunanın dəqiqləşdirilməsi məqsədilə analiz olunacağı bildirilir. Bu, təyyarənin okeandakı yerini müəyyən etməyə kömək edə bilər. Digər mütəxəssislər isə qırıntıların məhz MH370 reysi ilə uçmuş "Boeinge 777-200" təyyarəsinə məxsus olduğunu dəqiqləşdirmək üçün eyniləşdirmə aparırlar.

ANTB əməkdaşlarının bildirdiyinə görə, laboratoriyadakı işlərin yekunu barədə analiz və eyniləşdirmə başa çatdırldıqdan sonra məlumat veriləcək.

ANTB əməkdaşları həmçinin qeyd ediblər ki, hazırda axtarış zonasında bir gəmi - "Fugro Discovery" axtarış əməliyyatlarını davam etdirir. "Fugro Equator" və "Havila Harmony" gəmiləri plana uyğun olaraq, Çinə məxsus "Dong Hai Jiu 101" gəmisi isə qəza nəticəsində dərin sularda axtarış aparmaq üçün nəzərdə tutulan aparatı itirdiyinə görə limana dönüblər. Bugünədək Hind okeanında, Avstraliyanın qərbində yerləşən 120 min kvadratkilometrlik ərazidən 95 min kvadratkilometri artıq təhqiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə