Bəhruz Quliyev: “Dünya Azərbaycanın nüfuzunu tanıyır və ona hörmət edir” MÜNASİBƏT

Bəhruz Quliyev: “Dünya Azərbaycanın nüfuzunu tanıyır və ona hörmət edir” MÜNASİBƏT

"Dünyada baş verən iqtisadi, siyasi hadisələrə təsir imkanları getdikcə artan ölkəmizin regionda sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq şəkildə özünü göstərir". Bu fikirləri SİA-ya "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev Bakıda keçirilən IV Qlobal Bakı Forumunun və digər siyasi hadisələrin nəticələrini şərh edərkən deyib.

Bəhruz Quliyevin fikrincə, ilk növbədə Prezident İlham Əliyev tərəfindən yürüdülən uğurlu xarici siyasət strategiyası bu xüsusda özünü təsdiq etməkdədir.

"Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur"

Belə ki, müstəqil Azərbaycanın milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilat və qurumlar, eyni zamanda xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məhz bu istiqamətə yönəlmişdir: "Prezident İlham Əliyevin ötən 12 ildə apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin dünyadakı mövqeləri xeyli güclənib. Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır".

Media Qrupun rəhbəri qeyd edib ki, Bakıda beynəlxalq tədbirlərin uğurla keçirilməsi ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini bir daha isbatlayır: "Bu günlərdə Azərbaycanın paytaxtında "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumunun keçirilməsi də bunun təsdiqidir. Ölkə rəhbəri cənab İlham Əliyevin Forumdakı çıxışı da bir çox amilləri özündə ehtiva edib. Prezident IV Qlobal Bakı Forumunun açılış mərasimində vurğulayıb ki, Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyət, qaçqın böhranı - bunlar son illərin reallıqlarıdır. Ona görə də IV Qlobal Bakı Forumunun əsas məqsədlərindən biri bu məsələlərin müzakirəsidir".

"Forumda iştirak edən xarici dövlətlərin nümayəndələri öz ölkələrində Azərbaycan haqqında, burada gedən inkişafla bağlı geniş məlumat verəcəklər"

B.Quliyev eyni zamanda bildirib ki, Bakıda belə bir mötəbər forumun keçirilməsi həmçinin, Azərbaycanın nüfuzunun qəbul edilməsi baxımından da böyük əhəmiyyət kəsb edir: "Şübhəsiz ki, Forumda iştirak edən xarici dövlətlərin nümayəndələri öz ölkələrində Azərbaycan haqqında, burada gedən inkişafla bağlı geniş məlumat verəcəklər. Azərbaycan dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınır.

Azərbaycan sülhün tərəfdarı kimi terrora qarşı mübarizədə də öz sözünü qətiyyətlə deyir. Çünki Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən 1 milyon qaçqınımız, düşmən tapdağı altında qalan ərazilərimiz var. Ona görə də ölkə başçımızın burada xüsusi baxışı və mükəmməl siyasət nəzəriyyəsi var".

"Prezident İlham Əliyevin jesti bizim ölkənin terrorla mübarizə faktorunda hər zaman öndə olmasının göstəricisidir"

Bəhruz Quliyev bu günlərdə Prezident İlham Əliyevin Türkiyəyə etdiyi səfəri və bu səfərin dünyada böyük jest kimi qiymətləndirilməsinə də münasibətini bildirərək deyib ki, qardaş ölkədə baş verən qanlı terror hadisəsi bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya planlaşdırılan rəsmi səfərini iki dəfə təxirə saldı: "Ancaq Azərbaycan Prezidenti İlham Əliyev qardaşlığın və dostluğun bariz nümunəsi kimi, həqiqətən də möhtəşəm addım atdı. Bu, həm də bizim ölkənin terrorla mübarizə faktorunda hər zaman öndə olmasının göstəricisidir. Beləliklə, deyə bilərik ki, bütün bunlar Azərbaycanın müstəqil siyasət yürütməsinin və dünyada söz sahibi olmasının məntiqi nəticəsidir. Azərbaycan bundan sonra da prinsipial mövqeyi sayəsində bütün dünyada öz sözünü deyəcək".

Rövşən Rəsulov

Bütün xəbərlər Facebook səhifəmizdə