Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, millət vəkilləri, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olub.
Çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Fond haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Fond ənənəvi olaraq bu cür tədbirlər həyata keçirərək, qələm əhlinə öz dəstəyini verir: "Bugünkü müsabiqə 2016-cı il yanvarın 28-dən martın 4-dək Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 15 istiqamət üzrə keçirilib. Müsabiqəyə 62 kütləvi informasiya vasitəsindən 155 yazı təqdim olunub ki, onlar da 15 istiqamət üzrə mükafatlandırılıb. Hər istiqamət üzrə 6 yazı müəllifi qalib elan edilib. Ümumilikdə 90 nəfər jurnalist mükafatlandırılıb. Bunun özü də bir növ mətbuata dəstəkdir. 2015-ci ildə 11 belə müsabiqə keçirilib. Bundan sonra da müxtəlif qurumlarla, rayon icra hakimiyyətləri ilə müsabiqələrimiz davam etdiriləcək. Hesab edirəm ki, hər bir jurnalist müsabiqələrdə fəal iştirak etməlidirlər".
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışnda xalqımızı Novruz bayramı münasibətilə təbrik edərək, hər bir ailəyə səadət, xoşbəxtlik arzu edib. Əli Həsənov bildirib ki, jurnalistlərə dəstək münasibətilə həyata keçirilən bu cür yazı müsabiqələrində yüzlərlə jurnalist iştirak edərək adını qaliblər sırasına yazdıra bilir.
Prezidentin köməkçisi qeyd edib ki, dünən cənab Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib: "Əlbəttə, həmin təbrikdə sizin də payınız var. Mən də öz növbəmdə 2016-cı ildə hər birinizə şəxsi həyatınızda uğurlar, müvəffəqiyyətlər, xoşbəxtlik arzu edirəm. Arzu edirəm ki, 2016-cı ildə sizin müvəffəqiyyətləriniz 2015-ci ildəkindən qat-qat çox olsun. Düzdür, son aylarda Azərbaycan iqtisadiyyatında gedən proseslər mediamıza da təsirsiz ötüşməyib. Siz cəmiyyətin bir parçası olaraq problemlərdən kənarda qala bilməzsiniz. Amma bilin ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev, o cümlədən Azərbaycan hakimiyyəti hər şeyi müşahidə edir. Bütün məsələlər nəzarət altındadır. Biz heç vaxt medianı çətin vəziyyətdə qoymayacağıq, ona hər cür dəstəyimizi verəcəyik".
Əli Həsənov əlavə edib ki, Prezident İlham Əliyev hər bir toplantıda, Nazirlər Kabinetinin bütün iclaslarında Azərbaycan vətəndaşının firavan yaşayısının təmin olunması üçün məmurlara tapşırıqlarını verir: "Bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin xidmətləri təkcə cəmiyyətimizdə, dövlətimizdə, onun nişanəsi olan Azərbaycan dövlətinin varlığında yaşamır, o həmçinin sizlərlə birgə paylaşdığımız jurnalistlərin tədbirlərində yaşayır. Bilirsiniz ki, Ümummilli Lider jurnalistikaya böyük önəm, əhəmiyyət verirdi. Məhz 1998-ci il 6 avqust fərmanı ilə Azərbaycan jurnalistikasını, sözün həqiqi mənasında, qələm əhlini öz intellekti ilə, öz vicdanı ilə, öz dünyagörüşü ilə üz-üzə qoydu. Qələm əhlinin üzərinə böyük məsuliyyət qoyaraq Azərbaycan cəmiyyətində yaşanan proseslərin bütün tərəflərini bir jurnalist peşəkarlığı ilə, bir jurnalist baxışları ilə işıqlandırmaq missiyasını cəmiyyətimizə gətirdi".
Daha sonra tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da jurnalistləri Novruz bayramı münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
O dövlətin daim medianın inkişafına diqqət ayırdığını dilə gətirib.
Qeyd edək ki, müsabiqənin şərtlərinə uyğun olaraq 15 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə, 90 nəfər jurnalist mükafatlandırılıb. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə I yerin qaliblərinə 500 manat, II yerin qaliblərinə 400 manat, III yerin qaliblərinə isə 300 manat mükafat verilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB