Politoloq: “Separatçı rejimin rəhbərliyi ilə görüşlərin keçirilməsi yolverilməzdir” MÜNASİBƏT
"Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşılırsa, onda Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə istənilən səfərlə bağlı Bakı məlumatlandırılmalıdır". Bunu SİA-ya politoloq Elşad Mirbəşiroğlu ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasperşikin Azərbaycanın icazəsi olmadan işğal altında olan torpaqlarımıza səfərinə və qondarma rejimin rəhbəri ilə görüşməsinə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, bu, birinci belə hal deyil və bundan öncə də belə hallar baş verib: "Münaqişənin tənzimlənməsi ətrafında bütün müzakirələr ancaq işğalçı Ermənistan və işğala məruz qalmış Azərbaycanla aparılmalıdır. Qondarma "DQR"-in rəhbəri ilə görüşlərin keçirilməsi, müzakirələrin aparılması separatçı rejimi müstəqil tərəf kimi qəbul etmək cəhdi kimi qiymətləndirilə bilər. Bu da Ermənistanın maraqlarına cavab verir".
Onun sözlərinə görə, Ermənistan tərəfi qondarma "DQR"-in ayrıca münaqişə subyekti kimi qəbul olunmasına çalışır: "Belə olan halda isə Ermənistanın işğalçılıq siyasəti arxa plana keçə bilər. Çünki, işğalçı Ermənistanın istəyi ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət münaqişənin baş verməsi səbəbini Azərbaycan ərazisində yaşayan ermənilərin müqəddaratını təyin etmə uğrundakı "mübarizəsi" kimi qəbul etsin. Qondarma DQR-ın rəhbərliyi ilə görüşlərin keçirilməsi Ermənistanın bu istəklərinə cavab verir. Separatçı rejimin rəhbərliyi ilə görüşlərin keçirilməsi və münaqişə ətrafında müzakirələrin aparılması yolverilməzdir"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB