Rufiz Qonaqov: “Beynəlxalq təşkilatlar terrorizmə qarşı səylərini birləşdirməlidir” AÇIQLAMA
"Ankara terroru Azərbaycan və Türkiyə dostluğunu gözü götürməyən, ümumilikdə türk xalqlarının tarixinə, dilinə, mədəniyyətinə qısqanclıqla yanaşan qüvvələrin növbəti təxribatıdır". Bu fikirləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov deyib.
Rufiz Qonaqov bildirib ki, bu terror hadisəsi növbəti dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində baş verdi və bir-birilə əlaqəsi var: "Ankara terroru hər bir Azərbaycan vətəndaşını dərindən sarsıtdı. Ölkə başçımız cənab İlham Əliyev terror hadisəsi ilə bağlı Türkiyə prezidentinə və xalqına başsağlığı verdi. Türkiyənin bölgədəki nüfuzu, müsəlman dünyasında lider dövlətə çevrilməsi, eyni zamanda Azərbaycanın Cənubi Qafqazda güclü dövlət kimi mövcudluğu düşmən dairələri, ermənipərəst qüvvələri ciddi narahat edir".
"Terrorizmin vətəni olmur. Hansısa xristian dövlətində terror hadisəsi baş versə dünya birliyi, beynəlxalq nüfuzlu təşkilatlar araşdırmadan dərhal müsəlman dünyasına qarşı çağırışlar, hədələr edir amma Türkiyə dünyanın ən böyük müsəlman dövlətlərindən biridir və artıq neçənci dəfədir ki, Qərb dairələri nədənsə həmrəylik nümayiş etdirmir".
Onun sözlərinə görə, Prezident İlham Əliyev bu günlərdə Bakıda keçirilən IV Qlobal Forumda çıxışı zamanı qeyd etdi ki, dünya getdikcə daha təhlükəli hal alır və təhlükəsizliyi təmin etmək üçün hamı bir araya gəlməli, birlik nümayiş etdirməlidir: "İkili standartlar, müsəlman dünyası ilə xristian dünyası arasında ayrı-seçkilik olsa, belə terror hadisələrinin sayı artacaq. Bu hallar ümumilikdə dünya üçün təhlükəlidir. Terror hər bir ölkədə baş verə bilər və günahsız insanlar həlak olurlar. Nüfuzlu beynəlxalq təşkilatlar təcili olaraq toplanmalı və terrorizmlə bağlı səylər birləşdirilməlidir ki, dünyada terrorun kökü kəsilsin. Əks halda gələcəkdə bu kimi hallar daha geniş vüsət alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB