“Suriya Naminə Qlobal Məsuliyyət: fəaliyyət planına doğru” YENİLƏNİR

“Suriya Naminə Qlobal Məsuliyyət: fəaliyyət planına doğru” YENİLƏNİR

Bu gün IV Qlobal Bakı Forumu çərçivəsində "Suriya Naminə Qlobal Məsuliyyət: fəaliyyət planına doğru" mövzusunda müzakirələr olub.

SİA-nın məlumatına görə, mövzu ətrafında spikerlər Livanın sabiq Prezidenti (1982-1988) Amine Gemayel, İtaliyanın sabiq Xarici işlər naziri (2002-2004; 2008-2011) Franko Frattini, Türkiyənin sabiq Xarici işlər naziri (1991-1994) Hikmet Çetin, Kanadanın sabiq Baş naziri (1993-2003) Jan Çretien, İsveçin Suriyadakı səfiri Peter Semnebi, Rusiyanın sabiq Baş naziri (2007-2008; 2012) Viktor Zubkov çıxış edərək bildiriblər ki, Suriya məsələsi göstərir ki, heç bir siyasi böyük güc belə ağır münaqişəni sona çatdırmaq iqtidarında deyil. Beynəlxalq siyasətin çoxqütbləşməsinin, beynəlxalq ictimaiyyətin və hətta Qərb gücləri koalisiyasının uğursuzluğu bu məsələdə yeni diplomatik oyunçuların maraqları ilə güzəştə getmək zərurəti yaradıb.

Qeyd edək ki, Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Gürcüstan prezidentləri iştirak edir. Bundan başqa, tədbirdə 27 sabiq prezident və 23 keçmiş baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir.

Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilir.

"Çoxqütblü dünyaya doğru" mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə