Oqtay Əsədov nazirlə görüşüb

Oqtay Əsədov nazirlə görüşüb

Martın 7-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, sədr qonağı səmimi salamlayaraq, onu yüksək vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzuladı. Bildirildi ki, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri münasibətlərimizin daha da möhkəmlənməsinə öz müsbət təsirini göstərir.

Qədim tarixi köklərə söykənən Azərbaycan-Gürcüstan dostluğu və tərəfdaşlığı bu gün digər ölkələr üçün nümunə ola biləcək səviyyədədir. Əməkdaşlığımızın nəticəsi göz önündədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri, çəkilməkdə olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti bütöv bir regionun iqtisadi simasını dəyişməklə yanaşı, dünyanın diqqətini Qafqazın bu bölgəsinə cəlb etmişdir. Reallaşmaqda olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizinin uğurla başa çatdırılması isə bütövlükdə Avropanın enerji xəritəsini dəyişəcəkdir. Bu, Azərbaycan-Gürcüstan əməkdaşlığının bariz nümunəsidir.

Söhbətdə Sədr Gürcüstan parlamenti ilə əlaqələrimizdən söz açaraq, bu sahədə münasibətlərin dərinləşməsini önəmli hesab etdi. O, Gürcüstana səfəri zamanı burada keçirdiyi görüşləri məmnunluqla xatırladıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Mixeil Canelidze ölkəsinin xarici işlər naziri kimi Azərbaycana ilk dəfə səfər etdiyini və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq ölkələrimiz arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlməsini xalqlarımızın mənafeyinə xidmət etdiyini xüsusi vurğuladı. Qeyd edildi ki, iki ölkə arasında həll olunmamış məsələ yoxdur. Bizim dostluğumuz sarsılmazdır.

Qonaq bu ilin mayında ölkəsinin öz müstəqilliyinin 25 illiyini qeyd etməyə hazırlaşdığını dilə gətirərək, bu tədbirlərdə Azərbaycan nümayəndə heyətini görməkdən məmnun olacaqlarını ifadə edib.

Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, enerji və nəqliyyat layihələrinin reallaşması, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əflatun Amaşov, ölkəmizin Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze və digər rəsmi şəxslər iştirak edirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə