Politoloq: “Corciya ştatının qərarı ABŞ-Azərbaycan münasibətlərinə təsir etməyəcək” AÇIQLAMA
"ABŞ-ın Corciya ştatının mart ayının 2-də qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanıması haqqında qəbul etdiyi qətnamənin heç bir hüquqi əsası yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Politoloq bildirib ki, bu qətnamənin qəbulundan sonra ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Ştatların qanunvericilik məclislərinin Dağlıq Qarabağla bağlı hərəkətlərinin icbari qüvvəyə malik olmaması bəyanatı ilə çıxış etməsi bu ölkənin qəbul olunan qətnamə ilə bağlı narahatlığının ifadəsidir: "Amma onu da qeyd etmək vacibdir ki, Corciya ştatının nümayəndələr palatası daha öncə Xocalı soyqırımın tanıyan qətnamə qəbul edib. Bu qətnamənin özəlliyi isə ondan ibarətdir ki, ABŞ qanunvericilik tarixində ilk dəfə olaraq bu qətnamədə Ermənistan prezidenti Serj Sarkisyanın adı qətliamla bağlı çəkilir. Qətnamədə Ermənistan prezidenti Serj Sarkisyanın törədilmiş cinayətə haqq qazandırması vurğulanır. Bundan başqa ABŞ-ın 20-dən artıq ştatı da Xocalı soyqırımını tanıyan qətnamələr qəbul ediblər".
Onun sözlərinə görə, Corciya ştatı nümayəndələr palatasının qəbul etdiyi bu qərar ABŞ-Azərbaycan münasibətlərinə təsir etməyəcək: "ABŞ-ın rəsmi mövqeyi Azərbaycanın ərazi bütövlüyün tanımaq və işğal olunmuş ərazilərin tezliklə boşaldılması üçün sülh danışıqlarının davam etdirilməsindən ibarətdir. Hesab edirəm ki, münaqişənin həlli istiqamətində ABŞ-ın mövqeyi kifayət qədər aydın və birmənalıdır. Problemin kökündə Rusiya və Fransa dayanır. Fransanın Ermənistana olan diqqəti və marağı tarixi köklər və diaspora faktorundan asılıdır.Rusiya isə de-fakto işğalçı tərəfdir. Minsk qrupunun bu tərkibdə fəaliyyəti artıq mümkünsüz həddə çatıb. Mİnsk qrupunun tərkibinin dəyişdirilməsi ya da genişləndirilməsi xarici siyasətimizin prioritet məslələrindən ən önəmlisi olmalıdır".
"Hesab edirəm ki, Türkiyə ilə Almaniya münaqişənin ədalətli nizamlanması üçün Minsk qrupunun fəaliyyətində Fransa və Rusiyanı uğurla əvəz edə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB