Milli Məclisin sədri Oqtay Əsədov Braziliya Federativ Respublikası Milli Konqresinin Federal Senatının Elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarkeni qəbul edib. Milli məclisdəN SİA-ya verilən xəbərə görə, spiker ölkələrimiz arasında müxtəlif səviyyəli dialoq və əməkdaşlıq əlaqələrinin mövcudluğundan bəhs edərək, Latın Amerikasının önəmli ölkəsi olan Braziliya ilə həyatın müxtəlif sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğumuzu söylədi.
Bildirildi ki, iki dövlət arasında siyasi dialoqun davamlı şəkildə aparılması üçün dövlət və hökumət rəsmilərinin, o cümlədən deputatların qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Bu günədək ölkələrimiz arasında 5 sənəd imzalanıb. 10-dan çox sənəd isə baxılmaq üzrədir. Əlaqələrimizin hüquqi bazasının genişləndirilməsi xalqlarımızın maraqlarına xidmət edir.
Hesab edirik ki, Braziliyanın və Azərbaycanın imkanları ikitərəfli iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı zəmin yaradır. Bu imkanlardan səmərəli istifadə etmək günün tələbidir.
Sədr münasibətlərimizin dərinləşməsində parlamentlərin mühüm rol oynadığını söyləyərək, Braziliya Milli Konqresinin hər iki palatasında Azərbaycanla parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdi. O, belə bir qrupun Milli Məclisdə də mövcud olduğunu söylədi. Bildirildi ki, deputatların qarşılıqlı səfərləri və mütəmadi görüşləri informasiya mübadiləsi baxımından çox önəmlidir.
Milli Məclisin Sədri qeyd etdi ki, Azərbaycan neft və qaz ölkəsi kimi tanınmışdır. Vaxtilə azərbaycanlı mütəxəssislər dünyanın müxtəlif bölgələrində bu sahə üzrə səmərəli fəaliyyət göstərmişlər. Onlardan biri də ötən əsrdə 60-cı illərin əvvəllərində Braziliyada çalışmış Azərbaycan neftçisi Eyyub Tağıyevdir. O, 1963-cü ildə gərgin tədqiqatlardan sonra Qərbin təkidlə inkar etməsinə baxmayaraq, Braziliyada böyük neft ehtiyatlarının mövcud olduğunu sübut etmişdir. Hazırda Braziliya neft ehtiyatlarına görə dünyanın 15-ci ölkəsidir. Vaxtilə Sibirin neft və qaz yataqları ilə zəngin olduğunu sübut edən də məhz Azərbaycan neftçisi olub.
Azərbaycan bu gün də bu sahədə öz mövqelərini qorumaqdadır. İştirakçısı olduğumuz qlobal neft və qaz ixrac kəmərləri beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Son dövrlərdə ölkəmiz təbii qaz ixracı potensialını artırmaqdadır. TANAP və TAP kimi boru kəmərlərinin reallaşması ilə biz Xəzərdəki "Şahdəniz" yatağındakı qaz ehtiyatlarını Avropa bazarlarına çıxarmağa hazırlaşırıq. Bu layihələrin reallaşması bütöv bir regionun enerji xəritəsini dəyişəcək.
Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan Sədr Xocalı soyqırımı ilə əlaqədar Latın Amerikasının 5 ölkəsinin parlamentində müvafiq qərarların qəbul olunduğuna diqqət çəkdi. O, Braziliya parlamentində də bu soyqırımının tanınacağına inamını ifadə etdi. Təəssüflə qeyd edildi ki, burada yaşayan çoxsaylı ermənilərin və onların diasporunun təsiri ilə bu yaxınlarda Braziliyanın Franku-da-Roşa şəhəri ilə tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın Stepanakert (Xankəndi) şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb. Əlbəttə ki, bu cür addımlar Azərbaycan ictimaiyyətində haqlı suallar doğurur. Biz belə hesab edirik ki, diplomatik kanallarla tezliklə bu məsələyə aydınlıq gətiriləcəkdir.
Braziliya dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. İnanırıq ki, gələcəkdə də bu mövqe dəyişməz olaraq qalacaq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Braziliya Milli Konqresinin Federal Senatının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarke ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. O, son illərdə Azərbaycanın qazandığı uğurların ölkəmizin Braziliyadakı dostlarını da sevindirdiyini vurğuladı. Qonaq ölkəsinin Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük maraq göstərdiyini dedi.
Kristovam Buarke bildirdi ki, yerləşdiyi regionda sürətlə inkişaf edən Azərbaycan həm də sivilizasiyaların anlaşdığı, mədəniyyətlərin qovuşduğu bir məkana çevrilib.. Azərbaycanda cari ilin "Multikulturalizm ili" elan olunması da təqdirəlayiqdir. Bakıda sivilizasiyalararası dialoqun, humanitar forumların və müxtəlif səpkili qlobal beynəlxalq tədbirlərin keçirilməsi dünya ictimaiyyətinə yaxşı məlumdur. Biz bunu alqışlayır və təqdir edirik. Heç də təsadüfi deyildir ki, cari ilin aprel ayında BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci qlobal forumu da Bakıda keçiriləcək. Bütün bunlar müstəqil Azərbaycanın uğurlarından və yeni-yeni layihələrə imza atmaq iqtidarından xəbər verir, - deyə qonaq söylədi.
Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, mədəniyyətlərarası dialoqun inkişafı, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Braziliyanın ölkəmizdəki səfiri Santiaqo Alkazar və digər rəsmi şəxslər iştirak edirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB