Siyavuş Novruzov: "Onlar xarici qüvvələr tərəfindən maliyyələşirlər"

Siyavuş Novruzov: "Onlar xarici qüvvələr tərəfindən maliyyələşirlər"

"Təəssüf ki, bir sıra özünü müxalifət partiyası adlandıran lakin ümumiyyətlə, dövlətə və millətə qarşı müxalifətçilik edən qruplar bu gün maliyyə hesabatı verməkdən boyun qaçırırlar". Bu fikirləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib.

Millət vəkili bildiirb ki, bu hallar İnzibati Xətalar Məcəlləsində cərimələr vasitəsilə müəyyənləşdirilməlidir: "Biz "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişiklik etdikdə, həm dövlət büdcəsindən maliyyələşən, həm də dövlət büdcəsindən maliyyələşməyən siyasi partiyaların ianə və üzvlük haqları haqqında Mərkəzi Seçki Komissiyasına hesabat verilməsi məsələsi qoyulmuşdu. MSK-nın veb-saytında da yerləşdirilir ki, istər ictimaiyyət, istərsə də həmin təşkilatların üzvləri bilsinlər ki, nə qədər vəsait toplanır, nə qədəri ödənilir, gəlirlər hara sərf olunur. Qanunun qəbulundan əvvəl də Yeni Azərbaycan Partiyası ildə bir dəfə bu hesabatı ictimaiyyətə təqdim edirdi. Partiyanın idarə heyəti gəlir və xərclər barədə qərarı təsdiq etdikdən sonra mətubat orqanlarında geniş dərc olunurdu. Bu məsələni qanunda ciddi şəkildə qoymalıyıq. Aşkarlıq, demokratiya və şəffaflıqdan danışan insanlar təəssüf ki, öz maliyyə mənbələrinə çatanda şəffaflıq yaddan çıxır".

S.Novruzovun sözlərinə görə, bir sıra partiyalar ağ kağız göndərirlər ki, maliyyə dövriyyələri olmayıb: "Nəzər salanda görürsən ki, həmin partiyaların qərargahında onlarla insan çalışır, özlərinin cangüdənləri və bahalı maşınları var. Lakin onlar hesabat verməkdən boyun qaçırılar. Çünki, hesabatları şəffaf deyil. Onlar xaricə qüvvələr tərəfindən maliyyələşirlər. Qarşılarına qoyulan məqsəd Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, dövlət əleyhinə təbliğat aparmaq, böhtan atmaqdan ibarətdir. Gələcəkdə bu məsələlərə qarşı tədbirləri daha da güclənidirməli və ya qanuna başqa maddə əlavə etməliyik ki, il ərzində maliyyə hesabatı verməyən partiyaların yoxlanması və həmin təşkilatın ləğv edilməsi məsələsi gündəmə gətirilsin. Hesabatları şəffaf olmayan təşkilatların nələrlə məşğul olduqları məlumdur. Belə təşkilatlar xarici ölkələrdən, hətta erməni lobbisindən maliyyə almaqdan çəkinmirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə