"Prezident İlham Əliyevin fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ölkə iqtisadiyyatının inkişafında uğurlu addım idi". SİA-nın xəbərinə görə, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü plenar iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması bank sektorunda böyük dəyişikliyə gətirib çıxaracaq: "Burada əsas məsələ Palatanın ictimaiyyətə açıq olmasıdır. Palata ictimaiyyətlə çalışmalıdır. Palatanın yaradılması insanların banklara olan inamını da artıracaq. Düşünürəm ki, Palata həm ölkə başçısının etimadını qazanacaq, həm də üzərinə düşən vəzifələri yüksək səviyyədə həyata keçirəcək".
Millət vəkili söyləyib ki, ölkə başçısının "Əmanətlərin tam sığortalanması" haqqında Fərmanı da müsbət qərar idi: "Bu addım insanların əmanətlərini banklara etibar etməsinə səbəb olacaq".
Q. Həsənquliyev çıxışı zamanı ölkənin turizm zonalarında kazinoların yaradılması təklifini də irəli sürüb. O bildirib ki, bir çox ölkələr kazinolar vasitəsilə ölkəsinə turist cəlb edir: "Gürcüstan kazinolar vasitəsilə ölkəsinə çoxlu sayda turist cəlb edə bilib. Biz də bu təcrübədən istifadə edərək, turizm bölgələrində kazinolar yarada bilərik. Hətta ilkin olaraq həmin kazinolara öz vətəndaşlarımızın buraxılması qadağan da oluna bilər. Pullarını gedib başqa ölkələrdə uduzunca, gəlib Azərbaycanda uduzsunlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB