Hər il olduğu kimi, bu il də İslam İnkişaf Bankının xətti ilə Səudiyyə Ərəbistanı Krallığının "2015-ci il Həcc mövsümünün Qurban ətindən istifadə layihəsi" çərçivəsində humanitar yardım olaraq bu günlərdə Azərbaycandakı məcburi köçkünlərə 37 ton 300 kiloqram qurbanlıq əti gətirilib. SİA-nın məlumatına görə, Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində ehtiyacı olan insanlara qardaşlıq yardımı çərçivəsində həyata keçirdiyi bu layihəyə uyğun olaraq ölkəmizdəki məcburi köçkünlərə humanitar yardım kimi göndərilən beş min cəmdəyin qablaşdırıldığı, hər biri 10 kiloqram olmaqla 3730 qutudan ibarət humanitar yardım Dövlətqaçqınkomun Təchizat və İstehsalat İdarəsinin, regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin, həmçinin müvafiq rayon icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə nəzərdə tutulmuş ərazilərdə - məcburi köçkünlərin sıx məskunlaşdıqları Füzuli rayon ərazisində, cəbrayıllı məcburi köçkünlərin məskunlaşdıqları Biləsuvar və İmişli rayonları ərazisində, xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki qəsəbələrdə yaşayan məcburi köçkün ailələrinə paylanılması üçün adıçəkilən rayonların icra hakimiyyətlərinə təhvil verilib.
Bu gün ən böyük donor ölkə və beynəlxalq inkişafın əsas tərəfdaşı hesab olunan və humanitar aksiyaların maliyyələşdirilməsi üçün xeyriyyə yardımlarına görə son illər dünya dövlətlərinin ön sıralarında gedən Krallıq tərəfindən göstərilən bu humanitar yardıma görə məcburi köçkün soydaşlarımız Azərbaycan Respublikasının Prezidentinə və Səudiyyə Ərəbistanı Krallığına dərin minnətdarlıqlarını bildirmiş, ölkələrimiz arasında humanitar əməkdaşlığın bundan sonra da yüksək səviyyədə və davamlı inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Humanitar yardımın paylanılması ilə bağlı tədbirdə iştirak edən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym, Cəbrayıl Rayon İH-nin başçısı Mahmud Quliyev, İslam İnkişaf Bakının nümayəndələri Tofiq əl Ğamidi, Həttan əl Bağdadi bildirmişlər ki, indiyədək olduğu kimi, bundan sonra da Azərbaycandakı məcburi köçkünlərə bu cür humanitar yardımlar davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB